Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin barəsində inzibati cəza tətbiq edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resurslarında Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən başqa bir şirkətə bu ilin müxtəlif vaxtlarında natamam bəyannamələr ilə “Mazut M-100” yükü göndərilib.
Nazirlər Kabinetinin 2014-cü il tarixli “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 6.5-ci bəndinə əsasən, natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 gün müddətində həmin mallara dair gömrük bəyannaməsinin gömrük orqanına təqdim edilməli olduğu halda İdarə tərəfindən buna əməl olunmayıb.
Beləliklə, ixracatçı SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə protokol tərtib edilib, Xətai Rayon Məhkəməsinin qərarı ilə 300 manat cərimə olunub.
Qeyd edək ki, Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bundan əvvəl də xam neft yükünə görə eyni qaydada cərimələnmişdi.