SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
İlham Əliyev: Azərbaycanda çox yaxşı investisiya mühiti var

İlham Əliyev: "Azərbaycanda çox yaxşı investisiya mühiti var"

  • 26 sentyabr 2026, 10:16
Bakı

"Azərbaycanda çox yaxşı investisiya mühiti var".

Yurd.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

Dövlət başçısı vurğulayıb ki, bir çox aparıcı beynəlxalq şirkətlər iqtisadiyyatın müxtəlif sektorlarında Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər: "Artıq ölkədə çox yaxşı bir investisiya mühiti var. Azərbaycana son 20 ildə 350 milyard ABŞ dollar investisiya yatırılıb və bunun yarısı xarici investisiyalardır".

Prezident vurğulayıb ki, Azərbaycan bərpa olunan enerji sahəsində böyük potensiala malikdir.

"Yalnız Xəzər dənizində 160 giqavat potensialımız var. Bundan başqa, günəş və külək stansiyaları üçün potensial var. Yəni bizim məqsədimiz təbii qazdan istifadəni mümkün qədər azaltmaq, bu ehtiyatları ixrac üçün istifadə etməkdir", - dövlət başçısı vurğulayıb.

İlham Əliyev qeyd edib ki, ölkədə ikinci mühüm sahə nəqliyyat, infrastrukturlar, bağlantılarla əlaqədardır: "Bu sahə üzərində işləyirik. Fiziki infrastruktur investorlar üçün daha anlaşıqlı biznes mühiti yaradır. Eyni zamanda, bu istiqamətdə qonşularla da işləyirik".

Qeyd edək ki, Bakıda Prezident İlham Əliyevin himayəsi altında ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) ikinci günü keçirilir.

İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən forum nüfuzlu beyin mərkəzlərinin tərəfdaşlığı ilə təşkil edilib. Forumun strateji tərəfdaşı olan "The European House – Ambrosetti & TEHA Group" Avropanın aparıcı beyin mərkəzlərindəndir və iqtisadi siyasət, investisiya və rəqabətqabiliyyətlilik üzrə analitik araşdırmaları ilə tanınır.

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, təchizat zəncirlərinin yenidən formalaşması, yeni nəqliyyat və enerji marşrutlarının yaranması, texnologiya və süni intellektin iqtisadi proseslərə təsirinin artması investisiya gündəliyinə də yeni yanaşmalar gətirir. Bu şəraitdə Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi onun regional və qlobal bağlantılarda rolunu daha da artırır.

Skat.az - Ev və Avtomobil elanları