Noyabrın 28-də Qəbələdə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib.
Yurd.Media xəbər verir ki, müzakirə olunan məsələlər sırasında Zod qızıl yatağına baxış keçirilməsi razılaşdırılıb. Məlum olduğu kimi, Kəlbəcərin işğal altında olduğu dövrdə Zod yatağı ermənilər tərəfindən istismar olunub. Hələ SSRİ dövründən başlayaraq bütün qazma işləri Ermənistan ərazisindən aparılmışdı.
Zod qızıl yatağına baxış orada Ermənistan tərəfindən hər hansı bir qazıntı və istismar işlərinin aparılmadığını göstərib.
Əraziyə keçirilən baxış həmin ərazidə hər hansı işin aparılmadığını göstərib və bununla da bütün şübhələr aradan qalxıb.
Qeyd edək ki, Zod yatağının yerləşdiyi ərazidə mürəkkəb iqlim şəraiti mövcuddur. Hazırda orada Azərbaycan tərəfindən nəqliyyat və logistika infrastrukturu yaradılır. İşlər başa çatdıqdan sonra "AzerGold" QSC tərəfindən istismar prosesinə başlanacaq.