SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“Smart” dayanacaqlar da monitorların aqibətini yaşayır? - AYNA AÇIQLADI

“Smart” dayanacaqlar da monitorların aqibətini yaşayır? - AYNA AÇIQLADI

Bakı

Bakıda ictimai nəqliyyatın inkişafı ilə yanaşı, sərnişinlərin avtobus gözlədiyi məkanların da müasir tələblərə uyğunlaşdırılması üçün müxtəlif layihələr həyata keçirilib. Bu layihələrdən biri də paytaxtın ayrı-ayrı ərazilərində quraşdırılmağa başlayan kabin tipli “smart” dayanacaqlar idi.

Yurd.Media xəbər verir ki, adi dayanacaqlardan fərqli olaraq, bu konstruksiyalar demək olar ki, kiçik bir otaq formasında idi. Sərnişinlərin hava şəraitindən qorunması üçün qapalı məkan yaradan dayanacaqların bir hissəsində isə əlavə olaraq müəyyən təyinatlı obyektlərin fəaliyyət göstərməsi üçün nəzərdə tutulmuş bölmələr də yaradılmışdı. Eyni zamanda içərisində kondirsionerin, internetə çıxış imkanının olması bu dayanacaqları daha müasir və komfortlu gözləmə məntəqələri kimi təqdim edirdi.

Lakin layihənin sonrakı taleyi heç də ilk baxışdan göründüyü qədər “smart” olmadı.

2024-cü ildə, COP29 tədbiri ərəfəsində bu tip dayanacaqların quraşdırılması dayandırıldı. Həmin vaxt bunun müvəqqəti xarakter daşıdığı düşünülsə də, tədbir başa çatdıqdan sonra quraşdırma işləri bərpa edilmədi.

Bunun fonunda isə bir müddət sonra Bakının müxtəlif ərazilərində adi tipli dayanacaqlar quraşdırılmağa başlandı. Hətta əvvəllər dayanacaq olmayan bəzi ərazilərdə yeni dayanacaq məntəqələrinin yaradılması müşahidə olundu.
Üstəlik, cəmi bir neçə il öncə quraşdırılmış smart dayanacaqların bir qismi bu gün baxımsız vəziyyətdədir. Birində sensor işləmir, digərində qapı açılıb-bağlanmır, başqa birində isə müxtəlif texniki nasazlıqlar müşahidə olunur. Yəni vaxtilə müasir və texnoloji dayanacaq kimi təqdim edilən qurğuların bir hissəsi bu gün öz funksiyasını tam yerinə yetirə bilmir.

Daha diqqətçəkən məqam isə həmin dayanacaqların daxilində müəyyən fəaliyyət üçün nəzərdə tutulmuş bölmələrin taleyidir. Bu hissələrin bir qismi illər keçməsinə baxmayaraq boş qalıb. Beləliklə, həm texniki imkanlarını itirən, həm də nəzərdə tutulan əlavə funksiyaları reallaşmayan smart dayanacaqlar şəhər mənzərəsində faktiki olaraq istifadəsiz konstruksiyalara çevrilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yurd.Media-ya bildirilib ki, Bakı şəhərində dövlət-özəl tərəfdaşlığı çərçivəsində 30-dan çox “smart” tipli avtobus dayanacaq pavilyonu quraşdırılıb. Məlumata görə gələcəkdə bu tip dayanacaqların sayının artırılmasının nəzərdə tutulmur, lakin mövcud qapalı smart dayanacaqlarda daim monitoriqlər aparılır və çatışmazlıqlar aradan qalıdırılır.

Hazırda AYNA tərəfindən standartlara uyğun olan dayanacaq pavilyonları istifadəyə verilir. Bütün ölkə üzrə dayanacaqların quraşdırılması prosesi davam edir. Qurumdan o da bildirilib ki, vətəndaşlardan daxil olan müraciətlər əsasında da operativ araşdırmalar aparılır.

Xatırladaq ki, vaxtilə sərnişinlərə avtobusların hərəkəti barədə məlumat verməli olan informasiya monitorları da eyni vədlərlə dayanacaqlara yerləşdirilmişdi. Lakin 10 milyon dollarlıq layihə nəticəsiz qaldı, monitorlar isə bu gün də bir çox dayanacaqda sərnişinə məlumat vermək əvəzinə sadəcə görüntü yaradır.

Skat.az - Ev və Avtomobil elanları