“General İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) gömrük qaydalarını pozmaqda ittiham edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 2018-ci ildə gömrük bəyannaməsi üzrə ümumi invoys dəyəri 4 min ABŞ dolları olan “daş karyerdə daşların kalibirlənməsi üçün ələk” yükü müvəqqəti ixrac gömrük prosedura altında rəsmiləşdirib. Həmin malların öhdəlik müddəti 2021-ci il tarixdə başa çatıb.
Həmin malların ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi üçün Gömrük İdarəsinə 2021-ci il tarixdə gömrük bəyannaməsi ilə müraciət olunub. Lakin gömrük bəyannaməsinin rəsmiləşdirmə prosesi 2025-ci il tarixdə başa çatıb.
Həmin malların müqabilində MMC-nin Azərbaycandakı müvəkkil bank hesabına köçürülməli olan, ümumilikdə 4 min ABŞ dolları məbləğində xarici valyuta vəsaiti ixracatçının müvəkkil bankda olan hesabına köçürülməyib.
Beləliklə, yol-tikinti və infrastruktur layihələrində podratçı və tərəfdaş qismində çıxış edən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə protokol tərtib edilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə “General İnşaat” inzibati xətanın obyekti olmuş vəsaitin 30 faizi məbləğində, yəni 1200 ABŞ dolları məbləğində cərimə edilib.
Qeyd edək ki, “General İnşaat” inşası nəzərdə tutulan Şamaxıdan Qubaya birbaşa avtomobil yolunun podratçısı qismində çıxış edir. Şirkətin nizamnamə kapitalı 20 manat, rəhbəri Tofiq Tapdıqlıdır.