Şabran rayonunun Sincanboyad kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Şabran şəhərinin mövcud su təchizatı sisteminin imkanlarından istifadə olunmaqla kənddaxili paylayıcı şəbəkə inşa edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Yurd.Media-ya bildirilib ki, bununla bağlı kənddə keçirilən açılış mərasimində bildirilib ki, layihə çərçivəsində uzunluğu 6 km olan su şəbəkəsi çəkilib və 222 abonent üçün ev birləşməsi təmin olunub. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər su sayğacları ilə təchiz edilib.
Bildirilib ki, Sincanboyad kəndinin əhalisi 830 nəfərdir və gündəlik 165 kubmetr su tələbatı yeni yaradılmış su təchizatı şəbəkəsi vasitəsilə tam təmin ediləcək.
Qeyd olunub ki, Şabran şəhərinin su təchizatı Şollar-2 magistral su kəmərləri vasitəsilə təmin edilir. Şəhərdə ümumilikdə 6 872 abonent mövcuddur. Su təsərrüfatı infrastrukturu çərçivəsində uzunluğu 5,2 km olan magistral su kəməri, 150 km daxili paylayıcı şəbəkə, 134 km kanalizasiya xətləri, 3 meydançada yerləşən su anbarları kompleksi, 3 nasos stansiyası və sutkalıq 10 min kubmetr gücündə tullantı su təmizləyici qurğular kompleksi istismar olunur.
Ümumilikdə rayon üzrə 23 yaşayış məntəqəsində 2 374 abonent su təchizatı xidməti ilə təmin edilir.