Ötən il COP 29 ərəfəsində əsaslı təmir olanaraq istifadəyə verilən Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə yenidən söküntü işlərinə başlanılıb. Yeni qranit döşəmə örtükləri çıxarılıb və bəlli bir ərazi hasara alınıb.
Yurd.Media xəbər verir ki, Bizim.Media əməkdaşının ərazidə apardığı çəkilişdən də məlum olur ki, hasara alınan ərazidə hansısa təmir işlərinə başlanılması nəzərdə tutulub.
Amma hasarlanmış ərazidə hələki işçi qüvvəsi gözə görünməyib. Hansı təmir işlərinin aparılması da məlum deyil.
Məsələ ilə bağlı sözügedən ərazidə təmir işləri aparan podratçı şirkətdən Bizim.Media-ya bildirildi ki, ərazi təbii daşlarla döşənib. Bərkidilmə müddətinə riayət edilmədiyindən bəzi yerlərdə daşların təkrar bərkidilməsinə və digər zəruri korreksiya işlərinə ehtiyac yaranıb. Bunu nəzərə alaraq, mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib və nöqsanlar dərhal aradan qaldırılır.
Xatırladaq ki, ötən ilin yayında başlanan təmirlə əlaqədar olaraq ümumi sahəsi 3,5 hektar olan Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə minik avtomobillərinin hərəkəti məhdudlaşdırılıb, avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri yeniləri ilə əvəzlənib.
Qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb.
Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb.
Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.