SÜJET
Böyük Qayıdış proqramı çərçivəsində iyulun 28-də Xocalı rayonunun Ballıca kəndinə növbəti köç olub.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, bu mərhələdə Ballıca kəndinə 62 nəfərdən ibarət 17 ailə köçürüldü. Onlar uzun illər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib və onlara fərdi yaşayış evlərinin açarlarını təqdim edib. Təqdimetmə mərasimindəki çıxışı zamanı S.Qəhrəmanov bildirib ki, bu yalnız bir evin açarı deyil, illərdir həsrətini çəkdiyiniz doğma yurda dönüşün, əziz xatirələrin və gələcək nəsillərin sabit yaşayışının rəmzidir. “Böyük Qayıdış” proqramı çərçivəsində bu gün Xocalının kəndlərinə həyat yenidən qayıdır. Ballıca kəndi də öz sakinlərinə qucaq açır. Burada sizlər üçün hər bir şərait yaradılıb – su, qaz, elektrik, rabitə xətti çəkilib, məktəb, tibb məntəqəsi və digər zəruri infrastruktur artıq fəaliyyət göstərir. Qeyd edək ki, indiyədək Xocalının Ballıca kəndində 180 ailə- 840 nəfər məskunlaşıb. Ümumilkdə bugünkü köç də daxil olmaqla, 902 nəfərdən ibarət 197 ailə kəndə qayıdıb. Xocalı şəhəri, Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində hazırda 1433 nəfərdən ibarət 327 ailə yaşayır.
*** 12:19
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
Yurd.Media xəbər verir ki, bu mərhələdə doğma yurdlarına 62 nəfərdən ibarət 17 ailə göndərilib.
Kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.