Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib.
Yurd.Media xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov qurumun dekarbonizasiya üzrə layihəsinin təqdimat mərasimində bildirib.
Maraqlıdır ki, baş dəmiryolçu ötən il noyabrın 20-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Rhenus Logistics” beynəlxalq logistika xidmətləri şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Qitələri birləşdirən yol: İpək Yolu boyunca davamlı nəqliyyat və logistika – Avropa və Latın Amerikası” adlı tədbirdə çıxışı zamanı da sözügedən rəqəmin 63% olduğunu bildirib.
Belə çıxır ki, Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsi dayandırılıb.
ADY-nin əvvəlki sədri Cavid Qurbanov isə 2019-cu ilin oktyabr ayında bəyan etmişdi ki, dəmir yollarında elektrikləşdirmə göstəricisi 60%-dir. Yəni, səhmdar cəmiyyəti son 6 ildə bu istiqamətdə cəmi 3 faiz bəndi irəliləyib.
“Azərbaycan Dəmir Yolları”ndan Yurd.Media-ya bildirilib ki, qurum ölkənin nəqliyyat və logistika sahəsində strateji dönüş yaradan bir neçə layihə həyata kecirib.
Belə ki, Bakı–Böyük Kəsik magistral dəmiryol xəttinin Ucar–Hacıqabul sahəsində dəyişən cərəyan sisteminə keçid tam təmin olunub.
"Dəyişən cərəyan sisteminə keçid elektriklə işləyən lokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla dəmir yolları ilə daşınan yük həcminin artırılmasına, enerji və digər resurslara qənaətə, enerji itkilərinin azalmasına, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına gətirib çıxaracaq".
Qeyd edək ki, bundan əvvəl Böyük Kəsik–Gəncə (141 km) və Gəncə–Ucar (113 km) sahələrində dəmiryol infrastrukturunun AC-yə keçidi təmin olunub. 2026–2027-ci illərdə isə layihənin sonuncu mərhələsi olan Hacıqabul–Bakı sahəsində (127 km) AC-yə keçid üzrə işlər həyata keçiriləcək. Bununla da bütün Bakı–Böyük Kəsik xətti tamamilə AC sistemi ilə işləyəcək və Azərbaycanın dəmiryol infrastrukturu beynəlxalq standartlara uyğun modern şəbəkəyə çevriləcək. Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin daşındığı əsas magistral dəmiryol xətti olan Bakı–Böyük Kəsik sahəsində AC sisteminin tətbiqi Orta Dəhliz üzrə yükdaşımaların əməliyyatlarının səmərəliliyinin və yük həcmlərinin artırılmasına imkan verəcək. Ümumilikdə Azərbaycan ərazisindən keçən əsas magistral dəhlizlər, xüsusilə də Orta Dəhliz bu modernləşmədən birbaşa faydalanacaq.