SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Yanğın zamanı təxliyə qapısı restoran tərəfindən kilidli olub - USTA DANIŞDI

"Yanğın zamanı təxliyə qapısı restoran tərəfindən kilidli olub" - USTA DANIŞDI

  • 22 noyabr 2025, 17:37

Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A ünvanında yerləşən çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı yeni detallar məlum olub. Bir neçə gün əvvəl binanın baş ustası Yusif Həsənov şaxtadan gələn yanıq qoxusu ilə bağlı “Loft” restoranına müraciət etdikdə orada restoran əməkdaşları tərəfindən döyüldüyünü iddia edir.

Yurd.Media "Bakupost.az"a istinadən xəbər verir ki, Yusif Həsənov hadisənin detalları barədə jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, mərhum Samir müəllimin iştirakı ilə binada iş aparırdılar:

“Samir bəy mənə şaxtaların təmizlənməsi ilə bağlı tapşırıq verdi. Mən də şaxtanın açarını istəyən zaman “Loft” restoranının 3 əməkdaşı mənə hücum edərək döydülər. Bu barədə ərizə vermişəm. Bizə şaxtaya daxil olmağa icazə vermirdilər. Generatoru oraya çoxdan quraşdırıblar, amma nəyə qoşulduğu barədə məlumatım yoxdur. Əsas yanğın da məhz şaxtadan başlayıb. Binanın şaxtası onların ərazisinə düşürdü, buna görə açarı vermirdilər. İçəridə ikinci bir qapı var idi. Əvvəl bu qapı binaya məxsus olub, lakin obyekt fəaliyyətə başlayandan sonra kilidləyiblər və bizim ora girişimizə icazə verilməyib. Həmin qapı təxliyə üçün nəzərdə tutulmuşdu və çölə çıxışı vardı. Qapı açıq olsaydı, insanlar oradan təxliyə ola bilərdi”.

Yusif Həsənov hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.

Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub. Hadisə nəticəsində 3 nəfər həlak olub, tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları