Sükan arxasında mobil telefondan istifadə edərək qəza törədən sürücülərlə bağlı müraciət yayılıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Yurd.Media-ya bildirilib ki, paytaxt yollarında maddi zərərlə nəticələnən qəzalarının bir çox hissəsi sürücü diqqətsizliyi səbəbindən baş verir. Xüsusilə bu cür hadisələr zamanı sürücülərin sükan arxasında mobil telefondan istifadə etmələri müşahidə olunur.
"Hərəkət zamanı diqqəti yoldan olmayan sürücünün svetoforun qırmızı işığında avtomobil dayandıqda, qarşıda nəqliyyat sıxlığı yarandıqda, texniki nasaz avtomobil yolda qaldıqda qəzadan yayınmaq şansı olmur. Yəni bu cür hallarda diqqətsiz sürücü sürəti vaxtında azalda bilmədiyindən qəza baş verir. Ölüm və ya xəsarətlə, ən yaxşı halda isə maddi zərərlə nəticələnən belə qəzalardan yol hərəkətinin digər iştirakçıları da əziyyət çəkməli olurlar", - məlumatda qeyd edilib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yollarda diqqətli olmalarını, bu məsələyə məsuliyyətlə yanaşmalarını xahiş edir.