Qusar rayonunda 27 mart tarixindən etibarən yağan intensiv yağışlar son bir sutka ərzində rayon ərazisində ciddi fəsadlara səbəb olub.
Yurd.Media xəbər verir ki, güclü yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi kəskin artıb, sel suları bir sıra yaşayış məntəqələrində infrastruktur obyektlərinə və əhalinin təsərrüfatlarına ziyan vurub.
Mövcud vəziyyətlə əlaqədar olaraq rayonun 34 kəndində ümumilikdə 3300 abonent elektrik enerjisiz qalıb.
Aidiyyəti qurumlar tərəfindən elektrik təchizatının bərpası istiqamətində operativ tədbirlər görülür və işlər davam etdirilir.
Sel sularının təsirindən Kuzun yoluna qayalıq ərazidən daş, çınqıl tökülməsi nəticəsində Suvacal yolu bağlanıb, Mucuq və Suvacal kəndlərində yerləşən körpülərin giriş-çıxış hissələri, həmçinin Çatkün kəndinə gedən avtomobil yolu yuyularaq yararsız vəziyyətə düşüb və nəqliyyatın hərəkəti üçün keçilməz olub.
Eyni zamanda Piral, Kuzun və Əniq kəndlərinin daxili yolları ciddi zərər görmüş, bir neçə kənddə fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb.
Quxuroba və Gedəzeyxur kəndlərində isə bəzi evlərin birinci mərtəbələrinə qədər su dolub.
Sel suları Ukur çayının kənarında, Həzrə kəndində yerləşən dəyirmanın ətrafını yuyaraq təhlükəli vəziyyət yaratmış, Gündüzqala çayından gələn sular isə Quxuroba kəndi ərazisində əkin və bağ sahələrinə dolaraq kənd təsərrüfatına ziyan vurub.
Hil kəndində də çay kənarlarında torpaq yuyulması prosesi müşahidə edilir. Baş vermiş təbii hadisə nəticəsində qaz təsərrüfatına da ziyan dəyib.
Belə ki, Gündüzqala kəndi ərazisində diametri 57 mm olan qaz xəttinin çay yatağından keçən hissəsi sel suları tərəfindən yuyulduğuna görə 85 abonentin qaz təchizatı dayandırılıb. Quxuroba kəndində isə diametri 76 mm olan qaz xəttinin zədələnməsi nəticəsində 200 abonent qazsız qalıb.
Quxuroba kəndində sel sularının bir fərdi yaşayış evinə dolması nəticəsində 9 nəfərdən ibarət (6 uşaq, valideynlər və nənə) ailə təhlükəsizlik məqsədilə evdən çıxarılaraq müvəqqəti olaraq təhlükəsiz əraziyə köçürülüb. Bundan əlavə, güclü yağışlar şəhərin su təchizatı sisteminə də təsir göstərib.