İcbari Sığorta Bürosu 15 il əvvəl yol-nəqliyyat hadisəsi törədən sürücünü məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, İcbari Sığorta Bürosu Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 5003 manat məbləğində vəsaitin və məhkəmə xərclərinə görə 70 manat məbləğinin tutulmasını xahiş edib.
Belə ki, cavabdeh 2012-ci ildə Bakı-Quba yolunun Abşeron rayon ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarə etdiyi “VAZ-21074” markalı nəqliyyat vasitəsi yolun sağından soluna keçən piyadanı ehtiyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib.
Baş vermiş hadisə ilə bağlı Abşeron Rayon Məhkəməsinin 2013-cü il tarixli hökmünə əsasən cavabdeh Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində şəxsin ölümü ilə əlaqədar onun ailə üzvü 2025-ci il tarixli müraciətinə əsasən ona 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Büro tərəfindən 2026-cı il tarixdə cavabdehə pretenziya məktubu göndərilərək onun əvəzindən ödənilmiş 5000 manat kompensasiya ödənişinin könüllü qaydada ödənilməsi tələb edilib.
Qanunvericiliyə əsasən kompensasiya ödənişləri hesablanarkən zərərə görə məsuliyyət daşıyan şəxs (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır. Zərərvuran tərəfindən heç bir ödəniş həyata keçirilməyib. Qanunvericiliyin tələblərinə əsasən kompensasiya ödənişi subroqasiya qaydasında zərərvuran şəxs olan cavabdehdən tələb edilib.
Məhkəmə iddia tələbini təmin edib.