“Asiamed” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 92,8 min avro məbləğində pul vəsaitini 2024-cü ildə avans olaraq xaricə köçürüb. 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya valyuta vəsaiti geri qaytarılmayıb.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “Asiamed” barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi miqdarında, yəni 18,5 min avro cərimə olunub.
MMC-nin nümayəndəsi apellyasiya şikayət verərək, Nərimanov Rayon Məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etsə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
Qeyd edək ki, "Asiamed" MMC Azərbaycanda əsasən tibbi avadanlıqların və xüsusi tibbi cihazların təchizatı (məsələn, implantasiya olunan ürək ritm cihazları/kardiostimulyatorlar və s.) sahəsində fəaliyyət göstərən distribütor şirkətdir. "Asiamed" dəfələrlə tibb sahəsindəki dövlət qurumlarının milyonluq tenderlərinin qalibi olub.