“Azimaks” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 30 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeydi-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 2 il müddətində 22,6 min ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Azərbaycan Mərkəzi Bankı tərəfindən MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə iclasında MMC-nin nümayəndəsi izahat verərək bildirib ki, pul vəsaiti artıq tam şəkildə onlara geri qaytarılıb. Nümayəndə obyektiv şəkildə pul vəsaitinin cəmiyyət tərəfindən geri alınması səbəbilə MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini istəyib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə “Azimaks” MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən Mərkəzi Bank tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati icraata xitam verilib.
Qeyd edək ki, “Azimaks” MMC (Azimaks Alüminyum ve Plastik Sanayi) 2003-cü ildə Azərbaycan-Türkiyə ortaq tərəfdaşlığı ilə qurulmuş, PVC və alüminium profil istehsalı sahəsində fəaliyyət göstərən şirkətdir.