Şirvanda “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunub.
Yurd.Media xəbər verir ki, Mərkəzi Bankın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Bakı Fond Birjasının, Şirvan Şəhər İcra Hakimiyyətinin və investisiya şirkətlərinin iştirakı ilə keçirilən tədbirdə Şirvanda fəaliyyət göstərən biznes subyektləri qiymətli kağızlar bazarı vasitəsilə alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanları barədə məlumatlandırılıb.
Bildirilib ki, ənənəvi bank kreditləri ilə yanaşı, sahibkarların istifadə edə biləcəyi bir sıra alternativ maliyyələşmə alətləri var və bu alətlərdən olan qiymətli kağızlar biznes subyektlərinə sərmayə cəlb etmək, maliyyə dayanıqlığını artırmaq və böyümə strategiyalarını reallaşdırmaq üçün yeni imkanlar təqdim edir.
Tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri üçün Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanları, sahibkarlıq subyektlərinin alternativ maliyyəyə cəlb olunması üsulları, qiymətli kağız buraxılışında anderraytinq xidməti və kapital bazarında investor olmağın üstünlükləri mövzularında təqdimatlar keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd olunub ki, bu, sayca on beşinci belə tədbirdir. Mütəmadi olaraq təşkil olunan “İnvestisiya səyahəti” tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.