“A ənd J Holdinq” MMC-nin (A&J Holding) 2021-ci il aprelin 5-də İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyası itib.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, söhbət özəl tibb fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyadan gedir.
Məlumata görə, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadəyə məxsus olduğu deyilən holdinqin İN\L-139\2021 qeydiyyat nömrəli lisenziya itdiyi üçün etibarsız sayılıb.
Xatırladaq ki, “A&J Holding” 2005-ci ildə təsis edilib. Şirkətin 20.51 mln. manat nizamnamə kapitalı var. Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 9, mənzil 30-da yerləşir.
Ötən il Milli Məclisə keçirilən seçkilərdən sonra şirkətin rəhbəri dəyişdirilib. Fuad Məhərrəmov holdinqin direktoru təyin edilib. Buna qədər isə şirkətin rəhbəri Milli Məclisin hazırkı deputatı Əlibala Məhərrəmzadə olub. O, ötən ilin sentyabrından parlamentdə 59 saylı Quba seçki dairəsini təmsil edir.
Şirkətin fəaliyyət sferasına gəlincə isə, bununla bağlı açıq mənbələrdə heç bir məlumat qeyd olunmayıb. Amma dövlət satınalmalarının vahid internet portalına nəzər yetirdikdə “A ənd J Holdinq” MMC-nin kondisioner, soyuducu anbarlarının təmiri, tədbirlərin təşkili və s. bir sıra fəaliyyət növü ilə məşğul olduğu müşahidə edilir.