Azərbaycanda fəaliyyət göstərən “Suiser Makine” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasını pozub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 6 nəfər Türkiyə vətəndaşının Qusar rayonu, Yuxarı Zeyxur kəndi ərazisində yerləşən bağda iş icazəsi olmadan haqqı ödənilən əmək fəaliyyətinə cəlb edib.
Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsi ilə ittiham elan edilib və iş baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə “Suiser Makine” 30 min manat cərimə edilib.
Bu qərardan narazı qalan MMC-nin direktoru Südabə Orucova apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin qərarının ləğv edilməsini xahiş etsə də Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.
Qeyd edək ki, şirkətdə işləyən şəxslər Türkiyə vətəndaşları Serdar Kurucu, İsa Aydoğan, Mehmet Sertkaya, Hasan Yıldız, Ümit Şenkaya və Gökhan Sarıdır.
Onların izahatlarından məlum olub ki, hər ay MMC tərəfindən onlara 1000 ABŞ dolları dəyərində əməkhaqqı ödənilib.
Şirkətin Azərbaycanda təmsilçisi isə Murat Karadağ olub. Şirkət Qusar rayonu, Yuxarı Zeyxur kəndində qurulacaq fındıq fabrikində quraşdırılma və montaj işinin görülməsi ilə məşğul olub.