"Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialı barəsində protokol tərtib edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət “VOLVO FMX” nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə verməyib.
Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən "Cengiz İnşaat Sanayii ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialına ünvanlanan sorğuda göstərilib ki, “VOLVO FMX” markalı nəqliyyat vasitəsi İ.Dadaşov küçəsi, 72 istiqamətində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatların verilməsi xahiş olunub. Eyni zamanda şirkət sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatları təqdim etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunub.
Bununla bağlı şirkətin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə şirkət 300 manat cərimə olunub.
Qeyd edək ki, Asim Cengizin rəhbərlik etdiyi şirkət Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərir.