Hazırda adambaşına düşən ipoteka kreditinin həcmi Gürcüstanda təxminən $1240-a, Azərbaycanda isə $255-ə bərabərdir. Azərbaycanda əhalinin sayı Gürcüstandan təxminən 3 dəfə çoxdur, ancaq ipoteka krediti portfelinin həcmi 1,5-2 dəfə, adambaşına düşən ipoteka kreditinin həcmi 5 dəfə azdır.
Yurd.Media xəbər verir ki, bu araşdırmanı iqtisadçı ekspert Samir Əliyev aparıb.
O bildirib ki, Cənubi Qafqaz ölkələrində fəaliyyət göstərən bankların ipoteka portfelinin analizi göstərir ki, digər bank göstəricilərində olduğu kimi ipoteka kreditləşməsinin həcminə görə də Gürcüstan liderdir:
“Cari ilin 6 ayı ərzində bu ölkədə kreditləşmənin həcmi 4.7% artaraq $4,3 milyarddan $4.6 milyarda yüksəlib. 2025-ci ilin ilk yarısında Azərbaycanda protfelin artımı qonşu ölkə ilə təxminən eyni səviyyədə - 4,4% olsa da həcmi kəskin fərqlənir. Bu müddətdə Azərbaycan bankları ipoteka krediti portfelini $2,6 milyarda çatdırıb (Məzənnə dəyişməsini nəzərə alaraq faiz artımı milli valyutalar ifadəsində hesablanıb)”.
Məlumat üçün qeyd edək ki, iyun ayının sonunda bankların kredit portfelində ipoteka kreditlərinin payı Gürcüstanda 18,8%-ə, Azərbaycanda isə 15,6%-ə bərabər olub.