 
 
            Bakının Nəsimi rayonunda fəaliyyət göstərən “Qaragözova” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) nöqsanlar aşkarlanması barədə araşdırma aparılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Baş Prokurorluğunun cinayət təqibindən kənar icraat idarəsi tərəfindən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilib.
Nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 22 avqust 2025-ci il tarixli qərar qəbul edilib və baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilib.
Tibb mərkəzində həkim-stomatoloq vəzifəsində çalışan şəxs həmin vəzifənin icra edilməsi üçün qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçmədən, eləcə də diş texniki köməkçisi vəzifəsində çalışanlar isə diş texniki vəzifələrinin icrası üçün ali və ya orta ixtisas tibbi təhsili olmadan praktik tibb fəaliyyətinə buraxılıb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təsbit olunmuş inzibati xətan törətməkdə təqsirli bilinib və 6000 manat məbləğində inzibati cərimə olunub.
Bu qərardan narazı qalan MMC apelyasiya şikayəti verib. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, inzibati xəta haqqında icraata xitam verilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
Xatırladaq ki, “Qaragözova” MMC Nəsimi rayonu ərazisində tibbi klinika kimi fəaliyyət göstərir.
Mətbuatda yayılan məlumata görə, “Qaragözova” MMC Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur.