Bakıda "Bolt" taksi xidmətinin yeni yaratdığı kateqoriya qiymətin artmasına səbəb olub.
Xidmətdən istifadə edənlər Yurd.Media-ya bildirib ki, yeni “Priority” seçimi əvvəl mövcud olan daha sərfəli “Econom” seçiminin faktiki olaraq istifadədən çıxmasına səbəb olub:
"Əvvəl tətbiqdə “Econom”, “Comfort” və “Business” sinifləri mövcud idi və hər kəs büdcəsinə uyğun seçim edə bilirdi. Lakin sonradan əlavə edilən “Priority” kateqoriyası praktikada fərqli nəticələr yaradıb. Belə ki, bir çox hallarda 6–7 dəqiqəlik məsafədə olan avtomobillər “Priority” kimi göstərilir, “Econom” sinfi üzrə isə yaxın məsafədə taksi tapmaq mümkün olmur".
İstifadəçilərin sözlərinə görə, daha uzaqda olan sürücülər də sifarişi qəbul etmir və ya qəbul etdikdən sonra müştəriyə sifarişi ləğv etməyi xahiş edirlər. Nəticədə sərnişinlər məcbur qalaraq daha baha “Priority” sifarişi verməli olurlar. Bu isə əvvəllər münasib qiymətə təqdim olunan “Econom” seçiminin real olaraq işləməməsi ilə nəticələnir.
Bəzi hallarda avtomobilin texniki vəziyyəti və ya komfort səviyyəsindən asılı olmayaraq sifariş “Priority” kateqoriyasına düşür və qiymət bəzən “Comfort” sinfindən belə baha olur. Xüsusilə həftə ərzində bir neçə dəfə taksidən istifadə etməyə məcbur olan vətəndaşlar üçün bu dəyişiklik ciddi əlavə xərc yaradır.
"Bolt" şirkətindən Yurd.Media-nın sorğusuna cavab olaraq bu yeniliklə bağlı açıqlama hazırlandığı qeyd olunsa da 2 həftə ərzində məlumat tərtib olunmadı.