“Qafqazenerqoservis” şirkəti müflis olduğunu elan edib.
Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.
Elanda deyilir ki, buna səbəb ödəniş qabiliyyətinin olmamasıdır. Odur ki, təsisçinin 14 yanvar tarixli qərarına əsasən iflas prosesinə başlanılıb, Səfərli İlahə Fikrət qızı əmlak inzibatçısı təyin edilib. Kreditorların ilk iclası fevralın 3-də, saat 17:00-da Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 8, ofis 14C ünvanında keçiriləcək.
Qeyd edək ki, şirkətin 6 min manatdan çox borcu yığılmışdı. Qanuni təmsilçisi Altay Novruzov Mürsəl oğlunun olduğu bu şirkət 20 AZN nizamnamə kapitalı ilə yaradılmışdı. Şirkət 2004-cü ilin iyul ayında dövlət qeydiyyatına alınıb.
"Qafqazenerqoservis" şirkəti vaxtilə “Azərsu” ASC-dən "Elektrik avadanlıqlarının dəyişdirilməsi və yeni su nasoslarının quraşdırılması" layihəsi üzrə bir neçə tender udmuşdu.