Azərbaycan Mərkəzi Bankı (AMB) “Azercell Telecom” MMC-yə məxsus “A-Solutions Elektron Pul Təşkilatı” MMC-yə qarşı tədbir görüb.
Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.
Məlumata görə, qurum 01.09.2025 – 17.10.2025-ci il tarixlərində şirkətdə həyata keçirdiyi yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkarlayıb.
Odur ki, təşkilat İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.4-cü maddələrinə əsasən hüquqi şəxs olaraq 50 000 manat, onun vəzifəli şəxsi isə 10 000 manat cərimə edilib.
Xatırladaq ki, bu "A-Solutions Elektron Pul Təşkilatı" barəsində oxşar fakt üzrə qəbul olunan artıq ikinci cəzalandırılma halıdır.
Qeyd edək ki, “A-Solutions Elektron Pul Təşkilatı” 2024-cü ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı “Azercell Telekom” MMC-dir.