"Azercell Telekom" MMC növbəti dəfə tariflər üzrə qiymət artımını elan etdi.
Yurd.Media xəbər verir ki, bu dəfə artım fakturasız (SimSim) xətt sisteminə aid tarif paketlərinin qiymətini əhatə edir.
Belə ki, "SuperSən" tarif paketləri üzrə "SuperSən 3GB" 10 AZN-dən 12 AZN-ə, "SuperSən 6GB" 15 AZN-dən 17 AZN-ə, "SuperSən 10GB" isə 20 AZN-dən 22 AZN-ə qaldırıb. Həmçinin bu tarif paketləri üzrə internet həcmi 1 GB artırılıb.
"SuperSən 20GB" 32 AZN, "SuperSən 30GB" isə 42 AZN olacaq. Hazırda bu tariflər üzrə qiymətlər müvafiq olaraq 29 AZN və 39 AZN-dir.
Qeyd edək ki, "GəncOL 6" tarifi üzrə qiymət hazırda 6 AZN-dir, dəyişiklikdən sonra qiymət 8 AZN, "GəncOL 9" tarif paketlərində isə qiymət 11 AZN olacaq. "GəncOL 9"un hazırda qiyməti 9 AZN təşkil edir.
Həmçinin, "Sadə 6" tarif paketi üzrə internet həcmi 1 GB artırılacaq. "Sadə 6" paketi "Sadə 8" paketi ilə əvəz ediləcək. Tarif paketinin qiyməti 8 AZN təşkil edəcək, "İstəSən" tarif paketi üzrə başlanğıc internet həcmi isə 4 GB-dək artırılacaq. Tarif paketinin qiyməti 9 AZN təşkil edəcək. Hazırda bu tarif paketi üzrə qiymət 7 AZN-dir.
Dəyişiklik gələn ayın 6-dan qüvvəyə minəcək.
Qeyd edək ki, "Azercell Telekom" ötən ay “Biznesim” tarif paketləri çərçivəsində təqdim olunan internet paketlərinin də qiymətini 2 manat artırmışdı.