“A.E.S.-TRADİNG” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, isitmə və sanitariya avadanlıqları üzrə ixtisaslaşmış şirkət tərəfindən 231 220 avro məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 231.220 Avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “A.E.S.-TRADİNG” həmin vəsaitin 20 faizi miqdarında, yəni 46 min avro (təxminən 90 min manat) cərimə edilib.
Qeyd edək ki, şirkət bu ilin avqustunda da eyni maddə ilə cərimə olunmuşdu.
“A.E.S.-Trading” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 100 manat təşkil edir. Şirkətin direktoru Eynulla Cəbrayılovdur.