SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Azərbaycan və Pakistan sahibkarları tərəfdaşlığı gücləndirir - Memorandum imzalandı

Azərbaycan və Pakistan sahibkarları tərəfdaşlığı gücləndirir - Memorandum imzalandı

Azərbaycan və Pakistanın sahibkarları arasında tərəfdaşlığın gücləndirilməsi ilə bağlı yeni sənəd imzalanıb.

Yurd.Media xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Pakistan İslam Respublikasının Pəncab əyalətində fəaliyyət göstərən Okara Ticarət və Sənaye Palatası arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və sahibkarlar arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Onlayn formatda təşkil olunan imzalama mərasimində Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və Okara Ticarət və Sənaye Palatasının sədri Şahzad Həsən iştirak ediblər.

Bu rəsmi sənədin imzalanması, cari ilin iyun ayının ortalarında Pakistan nümayəndə heyətinin Bakıya reallaşdırdığı uğurlu işgüzar səfərin və Azərbaycan Sahibkarlar Konfederasiyasında keçirilmiş səmərəli görüşlərin məntiqi davamıdır. Xatırladaq ki, həmin səfər çərçivəsində düyü, ədviyyat və kağız istehsalı sahəsində ixtisaslaşmış Pakistan şirkətləri ilə məhsulların Azərbaycana ixracı, eləcə də ölkəmizdə mövcud olan əlverişli investisiya imkanları ətrafında geniş müzakirələr aparılmış və əməkdaşlığın yaxın gələcəkdə Anlaşma Memorandumu ilə rəsmiləşdirilməsi qərara alınmışdı.

Onlayn görüşdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev iki qardaş ölkə arasındakı iqtisadi əlaqələrin xüsusilə 2022-ci ildən etibarən ciddi dinamika qazandığını və yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Pakistanın böyük iqtisadi və ixrac potensialına malik olduğunu qeyd edən Konfederasiya prezidenti, Okara Ticarət və Sənaye Palatasının üzvlərini və bölgənin aparıcı sahibkarlarını ölkəmizə növbəti işgüzar səfərlərə dəvət etdiklərini, eyni zamanda Azərbaycanın biznes nümayəndələrinin də Pakistana səfər edərək orada yeni tərəfdaşlıqlar qurmasını hər zaman təşviq etməyə hazır olduqlarını bildirib. M.Musayev, həmçinin bu yaxınlarda İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının xətti ilə Türkiyədə keçirilən tədbir çərçivəsində Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının nümayəndə heyəti ilə keçirilən görüşü xatırladaraq, ikitərəfli əlaqələrin İslam Palatası platforması və beynəlxalq qurumlar çərçivəsində də uğurla inkişaf etdirilə biləcəyini diqqətə çatdırıb.

Okara Ticarət və Sənaye Palatasının sədri Şahzad Həsən isə çıxışında rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana göstərdiyi marağı ifadə edərək, Bakıda keçirdikləri görüşlərin və apardıqları bazar araşdırmalarının praktiki əhəmiyyətini qeyd edib. O, bildirib ki, iyun ayındakı səfər zamanı nümayəndə heyətinin tərkibində əsasən düyü ixracatçıları yer alıb, rəhbərlik etdiyi şirkət isə şəxsən ədviyyat istehsalı və ixracı sahəsində fəaliyyət göstərir.

Səfər çərçivəsində Bakının irimiqyaslı topdansatış və pərakəndə ticarət mərkəzləri olan “Sədərək” və “Meyvəli” komplekslərində olduqlarını deyən Ş.Həsən, yerli bazardakı düyü nümunələrini əldə edərək təhlil etdiklərini diqqətə çatdırıb. O, apardıqları müşahidələrə əsasən Pakistanda istehsal olunan düyü növlərinin öz dadı və keyfiyyət xüsusiyyətlərinə görə tamamilə fərqləndiyini qeyd edərək, bu məhsulların Azərbaycan bazarına tədarükü üçün çox əlverişli perspektivlərin mövcud olduğunu vurğulayıb.

İmzalanan Anlaşma Memorandumu tərəflər arasında müntəzəm məlumat və təcrübə mübadiləsinin aparılmasını, birgə biznes forumların, profilli sərgilərin təşkilini, eləcə də hər iki ölkənin kiçik və orta sahibkarlıq subyektləri arasında birbaşa əlaqələrin qurulmasına institusional dəstək verilməsini nəzərdə tutur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları