Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır. Bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək.
Yurd.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı əlavə edib ki, bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir:
"Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir”, - deyə İlham Əliyev əlavə edib.
O vurğulayıb ki, bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir:
"Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir”.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında vurğulayıb ki, Prezident İlham Əliyev Gürcüstanın dəyərli dostudur:
"Azərbaycan Prezidentinin buraya səfəri hər zaman bizim üçün böyük şərəfdir".
Baş nazir qeyd edib: “Biz fürsətdən istifadə edərək ikitərəfli münasibətlərimizi və regiondakı prosesləri müzakirə etdik”.
Bizim xalqlarımız əsrlər boyu bir-biri ilə sıx bağlı ölkələr olub və bunun məntiqi davamı odur ki, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur.
“Şadam ki, bu əməkdaşlıq müxtəlif istiqamətlər üzrə çox dinamik şəkildə inkişaf edir”, - deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüşləri baş tutub.