Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirildiyi bildirilən pilotsuz uçuş aparatları hücumunu qətiyyətlə pisləyib.
Yurd.Media xəbər verir ki, təşkilatın baş katibi Sahil Qasımovun imzaladığı bəyanatda qeyd olunur ki, mülki obyektlərin — Naxçıvan Beynəlxalq Hava Limanının və yaşayış məntəqələrinin hədəfə alınması beynəlxalq hüququn, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
Bəyanata görə, bu cür addımlar regionda gərginliyi artıran, sülh və sabitliyə ciddi təhdid yaradan qəbuledilməz hərəkətlərdir. Sənəddə vurğulanır ki, Azərbaycan Respublikası hər zaman qonşu dövlətlərlə mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə sadiq olduğunu dəfələrlə bəyan edib.
EAPCA hesab edir ki, İran tərəfinin Azərbaycan ərazisinə qarşı həyata keçirdiyi bu hücum açıq təxribat xarakteri daşıyır və beynəlxalq hüquqa ziddir.
Avro-Atlantik məkanında fəaliyyət göstərən transmilli lobbi təşkilatı EAPCA İran İslam Respublikasını Azərbaycan Respublikasının ərazisinə qarşı bu cür təxribatların təkrarlanmaması üçün konkret tədbirlər görməyə, beynəlxalq hüquqa hörmət nümayiş etdirməyə çağırıb.
