Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, Nəvai kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Yurd.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “FORD” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı dəmir səddə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və avtomobilin sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş, Nuriyev Murad Yasəf oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.