İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Yurd.Media xəbər verir ki, bu barədə İranın Dövlət Xəbər Agentliyi (İRNA) məlumat yayıb.
"İslam İnqilabının ali rəhbəri şəhid olub", - məlumatda bildirilib.
Qeyd olunub ki, o, ABŞ və İsrailin hücumları nəticəsində həlak olub.
"Tasnim" agentliyi isə bildirib ki, Xamenei şənbə günü erkən saatlarında, iş yerində şəhid olub.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Xameneinin öldürüldüyünü açıqlamışdı.
Ağ Ev rəhbəri bu barədə özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Xamenei öldü... O, kəşfiyyat vasitələrindən və yüksək texnologiyalı izləmə sistemlərindən yayına bilmədi", - Amerika lideri qeyd edib.
Onun sözlərinə görə, Xamenei və "digər liderlər" İsrail ilə sıx əməkdaşlıq çərçivəsində keçirilən əməliyyat nəticəsində öldürülüb.
"Buna baxmayaraq, kütləvi və dəqiq bombardmanlar bütün həftə ərzində və ya məqsədimizə - bütün Yaxın Şərqdə və sözsüz ki, bütün dünyada sülhə nail olana qədər fasiləsiz davam edəcək!" - deyə Tramp bəyan edib.