Fransanın paytaxtı Paris şəhərində fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan məktəbində xalqımızın ən sevilən və qədim bayramlarından biri olan Novruza həsr olunmuş möhtəşəm tədbir keçirilib.
Yurd.Media xəbər verir ki, baharın gəlişini, yenilənməni və milli dəyərlərimizi özündə əks etdirən bu bayram tədbiri yüksək əhval-ruhiyyə və bayram ovqatı ilə yadda qalıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Fransa Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirə məktəbin şagirdləri ilə yanaşı, Paris və ətraf bölgələrdə yaşayan azərbaycanlı ailələrin uşaqları, eləcə də müxtəlif xalqlara mənsub fransalı balacalar qatılıblar.
Bayram proqramı olduqca zəngin və maraqlı olub. Uşaqlar milli musiqilərimizin sədaları altında səhnəyə çıxaraq Azərbaycan rəqslərini böyük məharətlə ifa ediblər. Onların təqdim etdiyi səhnəciklərdə Novruz bayramının qədim adət-ənənələri, o cümlədən tonqal qalamaq, papaq atmaq, səməni yetişdirmək kimi milli dəyərlərimiz canlandırılıb. Bu çıxışlar həm valideynlər, həm də qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Eyni zamanda, tədbir iştirakçılarına paxlava, şəkərbura, qoğal kimi milli şirniyyatlarımız təqdim olunub ki, bu da bayram süfrəsinin əsl ruhunu əks etdirib.
Şənlik çərçivəsində daha bir əlamətdar hadisə də baş verib. Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycan dili müəlliməsi kimi uzun peşə fəaliyyətinə malik, dilçi Emiliya Cəbrayılovanın iştirakı ilə onun uşaqlar üçün nəzərdə tutulmuş “Bülbül” adlı Azərbaycan dili kitabının təqdimatı keçirilib. Təqdimat zamanı müəllif uşaqlarla səmimi söhbət edib, kitabın əhəmiyyəti haqqında məlumat verib. Sonda balacalara kitablar hədiyyə olunub ki, bu da onların ana dilinə marağını daha da artırmağa xidmət edir.
Qeyd etmək lazımdır ki, Parisdə fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan məktəbi xaricdə yaşayan azərbaycanlı uşaqların milli kimliklərinin qorunması baxımından mühüm rol oynayır. Burada azərbaycanlı uşaqlarla yanaşı, digər millətlərdən olan şagirdlər də təhsil alır, Azərbaycan dili ilə yanaşı ölkəmizin zəngin tarixi, coğrafiyası, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə yaxından tanış olurlar.
Belə tədbirlər diaspor mühitində böyüyən uşaqlarda vətənə bağlılıq hissinin gücləndirilməsi, milli irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Parisdə keçirilən bu Novruz şənliyi də bir daha göstərdi ki, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar öz milli bayramlarını böyük sevgi və qürur hissi ilə yaşadır və gələcək nəsillərə ötürürlər.