Azərbaycanın müxtəlif bölgələrində hotel və istirahət mərkəzlərinin bayram günləri üçün təqdim etdiyi qiymətlər onların yerləşdiyi əraziyə, təklif olunan xidmətlərə və proqram zənginliyinə görə fərqlənir.
Yurd.Media bölgələrdə yerləşən hotellərin bayram günlərində gecələmə və qonaqlama qiymətləri ilə bağlı "İqtisadiyyat.az"ın araşdırmasını təqdim edir.
Şamaxı, İsmayıllı, Quba, Lənkəran kimi dağlıq və təbiətə yaxın bölgələrdə yerləşən hotellərdə bayram günlərində xüsusi proqramlar, canlı musiqi, şou proqramlar və xüsusi menyular təqdim olunur. Bu isə qiymətlərə müəyyən qədər təsir göstərir.
Hazırda Yeni ili bölgələrdə qarşılamaq üçün məkandan asılı olaraq bayram günləri üçün qiymətlər 200-8000 manat aralığında dəyişir.
Hazırda qiymətlər aşağıdakı kimidir:
“Shamakhi Palace Sharadil”də iki günlük istirahət 1782 manata başa gələcək. 31 dekabr – 1 yanvar tarixlərini əhatə edən paket iki gecə üç gün qonaqlama və gündə üç dəfə qidalanmanı əhatə edəcək. Hoteldən verilən məlumata görə isə 31 dekabr yalnız qala gecəsidir və həmin axşam bütün alkoqollu və alkoqolsuz içkilər ödənişsiz təqdim olunacaq.
“İsmayıllı Resort & Hotel”də 31 dekabrdan 2 yanvaradək üç günlük istirahətin ümumi qiymət 550 manat təşkil edəcək. Qiymətə iki gecə, üç gün qonaqlama, qala gecəsində iştirak, səhər yeməyi, xüsusi şam yeməyi, canlı musiqi və sair xidmətlər daxildir.
”də Yeni ili qaşılamaq və üç günlük istirahət üçün 2, 4, 7 nəfərlik yerləşməyə görə otaqlar mövcuddur. Bunların da qiyməti mənzərəsi və mərtəbəsinə görə dəyişir. İki nəfərlik otaqlar 1590 manatdan 2150 manatadək, dördnəfərlik otaqların qiyməti 2700 manatdan 3600 manatadək təşkil edir. Yeddinəfərlik otaqlar isə 5200 manat müəyyənləşib. Hotelin “Townhouse 4” binası üzrə iki nəfərlik otaqların qiyməti 1390 manatdan 1550, dörd nəfərlik otaqlar isə 2150 və 2250 manat arasında dəyişir. Hotelin “Townhouse 3” binası üzrə iki nəfərlik otaq qiyməti 1390 manatdan 1810 manatadək, dörd nəfərlik otaqların qiyməti isə 2100 və 2200 manat arasında dəyişir. Hotelin daş kotteclərində yerləşən iki nəfərlik otaqların qiyməti 1550 manatdan 2300 manatadək dəyişir, dörd nəfərlik otaqlar isə 2400 manat təşkil edir. Hoteldə xidmətlərə 31 dekabr gecəsi şou proqram, məşhur müğənnilər, rəqs şouları, uşaqlar üçün animasiya proqramları kimi xidmətlər daxildir.
da 2 günlük istirahətə görə iki nəfərlik ekonom otaq 980 manat, biryataqlı iki nəfərlik kottec 1060 manat, bir yataq və bir qonaq otaqlı iki nəfərlik kottec 1160 manat təşkil edir.
“Sakit Göl Hotel Shamakhy”də 3 günlük gecələmə və qonaqlama üçün iki nəfərlik standart otaqlar 1100 manat, iki nəfərlik “deluxe” otaq 1250 manat, iki nəfərlik kottec 1250 və iki nəfərlik “suit” otaq isə 1400 manat təşkil edir. Hoteldə dörd nəfərlik otaq və kotteclərin qiyməti isə 1700 manatdan 1950 manatadək müəyyən olunub. Qeyd olunub ki, uşaqlar üçün əlavə yataq xidmətinin qiymət 2-12 yaşlı uşaqlar üçün 250 manat, 12 yaşdan yuxarılar üçün isə 400 manat müəyyən edilib. Xidmətlərə isə qala gecəsində yemək, spa, sinema və uşaq oyun otaqlarındakı xidmətlər daxildir.
İsmayıllıda yerləşən “Basqal Resort & Spa”də 2 günlük istirahət üçün iki nəfərlik otaqların qiyməti 1860 və 2000 manat arasında dəyişir. Dörd nəfərlik otaq 3800, beş nəfərlik otaq isə 5030 manat müəyyən olunub. Xidmətə səhər və axşam yeməyi, qala gecəsi, canlı musiqi, əyləncə proqramı və sair xidmətlər daxildir. Qeyd olunub ki, 2 yaşadək uşaqlar üçün əlavə çarpayı xidməti ödənişsiz, 3-11 yaşlı uşaqlar üçün 325 manat, 12 və daha böyük yaşda olanlar üçün isə 650 manat təşkil edir.
“Shabran Wellbeing Resort”da istirahət üçün iki nəfərlik otaqların qiyməti 640 manatdan 760 manatadək dəyişir. Dörd nəfərlik otaqların dəyəri isə 1200 manat təşkil edir. İki nəfərlik kotteclərin qiyməti də 780 manat müəyyən olunub. Qiymətə səhər yeməyi, canlı muqiqi əyləncə proqramı, spa xidmətləri daxildir.
“Quba Vadi Chalet Hotel”də iki nəfərlik otaqlar 550, üç nəfərlik otaqlar 700, VİP dörd nəfərlik otaqlar 1000, beş nəfərlik kotteclər isə 1400 manat təşkil edir. Burada da əlavə çarpayı xidmətinə görə 6 yaşadək uşaqlara 50, 6 yaşdan yuxarı uşaqlara isə 130 manat ödəniş müəyyən edilib. Qiymətlərə səhər yeməyi, qala gecəsi üçün xüsusi menyu, canlı musiqilər, şou proqramlar daxildir.
“Mountain Breeze Quba”da 2 günlük istirahət üçün iki nəfərlik otaq və kotteclər 200 manat, dörd nəfərlik otaq və kotteclər isə 300 manat təşkil edir. Qeyd olunub ki, qiymətə səhər yeməyi və axşam şou proqram daxildir.
“Lankaran Springs Wellness Resort”da 3 günlük istirahətə görə qiymət 1500 manatdan başlayır. Qiymətə gündə 3 dəfə qidalanma daxildir. Qeyd edilib ki, 31 dekabr və 1 yanvar tarixlərində şam yeməklərində spirtli və spirtsiz içkilər ödənişsiz olacaq.
“Quba Palace Hotel”də isə bayram günlərində istirahət üçün iki nəfərlik otaqların qiyməti 1900 və 2400 manatdan, dörd nəfərlik otaqlar isə 3800 manatdan başlayır. Hotelin daxilində lüks villalar da mövcuddur. Burada iki nəfərlik “Manna” villa 2400, altı nəfərlik “Midiya” villa 5800, səkkiz nəfərlik “Urmiya” villa və “Atropatena” villa isə 7800 manatdan başlayır. Qeyd edilib ki, 31 dekabrda qiymətlərə günorta yeməyi, qala şam yeməyi, 1 yanvarda səhər və axşam yeməyi, 2 yanvarda səhər yeməyi daxildir. Əlavə çarpayı xidmətindən istifadəyə görə isə 2 yaşadək uşaqlar üçün ödənişsiz, 2-12 yaş arası uşaqlar üçün 350 manat, 12 yaşdan yuxarı şəxslər üçün isə 550 manatdır.