SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Honzoqor yaylası: Azərbaycanın şimal-qərbində unudulan təbii zənginlik

Honzoqor yaylası: Azərbaycanın şimal-qərbində unudulan təbii zənginlik

Zaqatala

Azərbaycanın zəngin relyefə malik olduğu hər kəsə məlumdur. Belə təbiət incilərimizdən biri də Zaqatalada dəniz səviyyəsindən təxminən 2000 metr  yüksəklikdə yerləşən Honzoqor yaylasıdır .

Yurd.Media xəbər verir ki, Zaqatala rayonunun Mazıq və Qəvizdərə kəndlərini geridə qoyaraq dağ yollarına istiqamət alan "İctimai TV" çəkiliş qrupu çətin keçilən marşrutlarla üzləşib. Yol boyunca müşahidə olunan rəngli işarələr marşrutun istiqamətini və çətinlik dərəcəsini göstərir. Ağ çərçivəli qırmızı nişanlar seçilmiş əsas marşrutları, digər rənglər isə yolun asan və ya çətin olduğunu bildirir.

Ərazi boyu nəhəng vələs ağacları diqqəti cəlb edir. Ərazidə bəzi ağacların hündürlüyü 30 metr, diametri isə 1 metrdən çoxdur. Təəssüf doğuran məqamlardan biri isə bəzi turistlərin bu təbiət incilərinin üzərinə yazılar yazaraq onlara zərər yetirməsidir.

Təxminən 3 saatlıq gedişdən sonra Honzoqor yaylası özünü bütün gözəlliyi ilə büruzə verir. Sovet dövründə Mazıq kolxozuna məxsus mal-qaranın yaylağı olmuş bu ərazi indi də yerli sakinlər tərəfindən aktiv şəkildə istifadə olunur. Təxminən 2000 metr yüksəklikdə yerləşən yayla sıldırım qayalar və meşəliklərlə əhatə olunub.

"Honzoqor" sözü "səfalı, şəfalı dağ yaylası" mənasını verir. Burada 50-yə yaxın ənənəvi yaylaq evi — yerli dildə “dahal” mövcuddur. Sakinlərin sözlərinə görə, hər il buraya köç edən ailələrin sayı artır. Onlar qoyunçuluq və maldarlıqla məşğul olmaqla yanaşı, bu sakit və təmiz təbiət qoynunda istirahət də edirlər.

Honzoqor yaylası təkcə təsərrüfat deyil, həm də ekoturizm baxımından böyük potensiala malikdir. Hələlik geniş kütlələr tərəfindən tam kəşf olunmasa da, bu ərazi Azərbaycanın nadir və qorunmalı təbii miraslarından biri hesab olunur. 

Ətraflı süjetdə:

Prime Leasing