SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Hərbi qurumdan turizmə doğru: Azərbaycana sevgi qazaxstanlı Janaranın həyatını necə dəyişdi - MÜSAHİBƏ

Hərbi qurumdan turizmə doğru: Azərbaycana sevgi qazaxstanlı Janaranın həyatını necə dəyişdi - MÜSAHİBƏ

Qazaxıstan sakini Janara Amenova 15 illik dövlət qulluğundan sonra Azərbaycana köçmək və peşəsini dəyişmək qərarına gəlib. İndi o, Qazaxıstandan gələn turistlərə ürəkdən sevdiyi Azərbaycanı həvəslə tanıtdırır. Yurd.Media Janara Amenova ilə Azərbaycana köçmə səbəblərini, buradakı həyatın nə ilə fərqləndiyini müzakirə edib.

- Azərbaycanla tanışlığınız necə başladı? Niyə məhz bu ölkə sizi bu qədər cəlb etdi?


- Azərbaycanla ilk tanışlığım elə ilk səfərim zamanı baş verdi. Buraya məzuniyyətə gəlmişdim və elə bir andaca bu ölkəyə - onun ab-havasına, insanlarına, yeməklərinə, təbiətinə aşiq oldum. İki il dalbadal, altı məzuniyyətimin hamısını burada keçirdim - hər dəfə məhz Azərbaycana qayıdırdım. Bir gün anladım: təkcə gəlib-getmək yox, burada yaşamaq istəyirəm. Beləcə, köçmək qərarını verdim.

- Həyatınızı və peşənizi tamamilə dəyişmək qərarını verməkdə dönüş nöqtəsi nə oldu?

- Qazaxıstan Müdafiə Nazirliyində 15 il çalışmışam, mətbuat katibi olmuşam. Sabit, aydın iş rejimi olan bir peşə idi. Amma içimdə həmişə hər şeyi tamamilə dəyişmək arzusu vardı. Azərbaycan mənə bu imkanı verdi. Bir neçə dəfə səfər etdikdən sonra anladım ki, faydalı ola bilərəm: bu möhtəşəm ölkəni həmvətənlərimə göstərə bilər, onların gözünə onun gözəlliklərini, mədəniyyətini, qonaqpərvərliyini aça bilərəm. Beləliklə, turizm sahəsində çalışmaq ideyası yarandı, bir sözlə həyatımın yeni mərhələsi başladı.

- Hərbi sahədən turizm sahəsinə keçmək çətin oldumu?

- Asan olmadı, bunlar tamamilə fərqli dünyalardır, amma məndə böyük maraq və daxili motivasiya vardı. Əgər sənə həqiqətən maraqlıdırsa, heç bir çətinlik qorxulu deyil. İndi təhsilə davam edirəm - Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının kurslarına yazılmışam. Təhsil üç ay davam edir və mən artıq ölkənin tarixini, mədəniyyətini, memarlığını daha dərindən öyrənməyə başlamışam. Bu, məni ruhlandırır.

- Qazaxıstandan gələn turistlər Azərbaycanı necə qəbul edirlər? Bu istiqamət nə dərəcədə populyardır?

- Qazaxıstandan gələn turist axını həqiqətən artır. Bu, sevindiricidir. İndi daha çox hava reysləri açılır. Əvvəllər yalnız Almatı, Astana və Aktaudan uçuşlar vardısa, indi artıq Atırau və Şımkent də əlavə olunub. Şımkent Özbəkistanla sərhəddə yerləşən böyük bir cənub şəhəridir. Düşünürəm, yayda turist axını daha da artacaq.

- Azərbaycanın hansı məkanları xüsusilə cəlbedicidir?

- İlk növbədə Bakıdakı İçərişəhər. Onun ab-havası, memarlığı, dar küçələri inanılmaz dərəcədə cazibəlidir. Daha bir sevimli məkan Heydər Əliyev Mərkəzidir. Bu bina heyrətləndirir: kəskin bucaqları yoxdur, sanki dalğalardan yaranıb. Çox atmosferli bir yerdir.
Paytaxtdan kənarda Şəki, Şahdağ, Qusar turistləri cəlb edir. Şahdağ dağ-xizək kurortudur və hazırda Qazaxıstandakı Çimbulak ilə birgə layihə müzakirə olunur. Şəkidə biz Karvansaray adlı tarixi kompleksdə qalırıq, burada təkcə gözəl memarlıq yox, həm də möhtəşəm mətbəx var. Xüsusilə yerli piti çox dadlıdır.
Bundan əlavə, Azərbaycanda tez-tez nar, lavanda, çay festivalları keçirilir. Turistlər belə tədbirləri sevirlər, çünki bu, mövsümi turizmdir, rəngarənglik, təbiət və ətirlərlə doludur. Xüsusilə Lənkərana səfərlər ilhamlandırır. Burada portağal, naringi, limon və çay bitkiləri yetişdirilir. Qazaxıstanda belə şeyləri görmək mümkün deyil — buradakılar bizim üçün yenilikdir.

- Siz həm də Qazaxıstan Turizm Bələdçiləri Assosiasiyasını Azərbaycanda təmsil edirsiniz. Bu barədə ətraflı danışın.

- Mən rəsmi olaraq Qazaxıstan Turizm Bələdçiləri Assosiasiyasını burada təmsil edirəm. Biz Discovery Travel şirkəti ilə əməkdaşlıq edirik, onun rəhbəri Aleksandr Aknazarovdur. Birgə proqramlar hazırlayırıq, turlar təşkil edirik, Qazaxıstandan gələn turistlərin Azərbaycandakı səfərini maksimum maraqlı və dolğun etməyə çalışırıq.

- Azərbaycan və Qazaxıstandakı həyatı necə müqayisə edərdiniz? Sizə burada nə xüsusilə doğmadır?

- Burada özümü çox rahat hiss edirəm. İqtisadi baxımdan həyat səviyyəsi oxşardır. Amma ən önəmlisi insanlardır. Azərbaycanlılar mehriban, açıqürəkli və qonaqpərvərdir. Özümü burada evdəki kimi hiss edirəm. Yerli mətbəx çox xoşuma gəlir. Bol əti olan yeməklər, doyumlu qida rasionu, dadlı şirniyyatlarla qarşılaşırıq. Əlbəttə, təhlükəsiz formada gecə şəhərdə qorxmadan gəzə bilirsən. Hər ölkədə olduğu kimi burada da çatışmazlıqlar var, amma bunlar əhəmiyyətsizdir və məni qorxutmur.

- Azərbaycana ilk dəfə gələcək turistlərə nə tövsiyə edərdiniz?

- “Mütləq gəlin” deyərdim. Azərbaycan zəngin tarixə, heyrətamiz təbiətə, möhtəşəm mətbəxə və inanılmaz qonaqpərvərlik atmosferinə malik bir ölkədir. Burada dağlara səfər edə, qədim küçələrdə gəzə, çay plantasiyalarını və sitrus bağlarını ziyarət edə bilərsiniz. Biz, qazaxlar, mentalitet tərəfdən çox oxşarıq, ona görə burada sizə asan və rahat olacaq.
Çox istərdim, azərbaycanlılar da Qazaxıstanı kəşf etməyə başlasınlar. Düşünürəm, bu istiqamətdə də tezliklə maraqlı layihələr olacaq.