SÜJET
Azərbaycanda son dövrlər yeni turizm modeli – ev şəraitində turist qəbul etmək – geniş yayılmağa başlayıb.
Yurd.Media xəbər verir ki, artıq bir çox sakin evlərinin müəyyən otaqlarını turistlərin istifadəsinə verərək həm əlavə gəlir əldə edir, həm də qonaqlar üçün səmimi ev mühiti yaradır.
Bakıda bu cür otaqların kirayə qiyməti 25 manatdan başlayaraq, 80 manata, bəzi hallarda isə 100 manatdan da yuxarı olur. Eyni tendensiya bölgələrdə də var. İsmayıllı rayonunda sakinlər evlərinin bir hissəsini kirayəyə verərək ailə büdcələrinə dəstək olurlar. Kənd sakini Qafqaz Məmmədov "Xəzər Xəbər"-ə bildirib ki, 2-3 ildir bu işlə məşğuldur və turistlərlə razılaşma əsasında qiymət 40-70 manat arasında dəyişir.
Lənkəranda da bu model uzun illərdir tətbiq olunur. Burada həm yerli, həm də xarici turistlər üçün maraqlı seçimlər mövcuddur. Ev sahibləri ilə birgə qalmaq şərtilə gündə üç dəfə yemək daxil olmaqla qiymətlər 100-150 manat civarındadır.
Tovuzda isə qiymətlər 30 manatdan başlayaraq şəraitdən asılı olaraq 100 manata qədər yüksəlir. Ev sahibləri qonaqlara təmiz hava, sərin su və ailəvi dəstək təklif edirlər.
Turizm üzrə ekspert İlkin Babayev bildirir ki, bu model həm iqtisadi, həm də sosial baxımdan faydalıdır. Tərəflər arasında gündəlik ünsiyyət mədəni tanışlığa səbəb olur. Lakin bəzi problemlər də var. Bəzi ev sahibləri aşağı keyfiyyətli xidmət göstərərək turistlərdə mənfi təəssürat yarada bilirlər. Ekspert hesab edir ki, bu modelə ciddi nəzarət mexanizmi qurularsa, turizmin inkişafına böyük töhfə verə bilər.