"Turizm sənayesi inkişaf etdikcə, rəqabətli mühit formalaşdıqca xidmət keyfiyyəti və qiymətlərlə bağlı dəyişikliklər olacaq. Bizim qiymət məsələsinə hər hansı təsir mexanizmimiz yoxdur".
Yurd.Media-nın Şəkiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, DTA turizm müəssisələrindəki qiymətlərə qarışmır:
"Hesab edirəm ki, bu, düzgün mövqedir. Çünki bazar iqtisadiyyatı şəraitində qiymətlər tələb və təklifə uyğun formalaşır".
Ş.Məlikov həmçinin qeyd edib ki, bu il Şəki rayonunda hotellərdə gecələmə sayı 21 mindən artıq olub.
Onun sözlərinə görə, 11 ayda hotellərdə gecələyən turistlərin sayı isə 17 mindən artıq olub: "Bizim regionda icmaəsaslı turizm olduğuna, qonaq evləri fəaliyyət göstərdiyinə görə bu rəqəmlər reallığı tam əks etdirməyə bilər".
Turizm rəsmisi əlavə edib ki, hazırda Şəkidə 42 yerləşmə müəssisəsi fəaliyyət göstərir:
"Onların ümumi nömrə fondu 830-dan artıqdır. Artıq yerləşmə müəssisələrində hotel kateqoriyasına aid olan 14 müəssisənin xüsusi sifariş forması yazılaraq auditi həyata keçirilib. Bugünkü statistik məlumatlara görə, Şəki şəhərində bir, iki, üç, beş, altı ulduzlu hotellər fəaliyyət göstərir. Digər müəssislər isə ulduz kriteriyasına uyğun gəlmədikləri üçün ulduzla təsnif edilməyib. Bu kriteriya davamlı olaraq dəyişir. Ulduz təsnifatı almayan müəssislər özlərində olan xidmətlər və infrastrukturunda olan dəyişiklər əsasında yerindəcə müraciət edə bilərlər".