SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda sağlamlıq turizminin inkişafı ilə bağlı fəaliyyət planı hazırlanır

Azərbaycanda sağlamlıq turizminin inkişafı ilə bağlı fəaliyyət planı hazırlanır

Havaların isinməsi ilə həm istirahət, həm də sağlamlıq məsələləri diqqət mərkəzinə gəlir. İl ərzində çox vaxt ikinci planda qalan səhhətimiz, yaz və yay aylarında daha çox önəm kəsb edir. Bu baxımdan sağlamlıq turizmi həm sosial, həm də iqtisadi baxımdan aktuallıq qazanır.

Yurd.Media xəbər verir ki, Azərbaycanda sağlamlıq turizminin inkişafı, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə atılan addımlar, həm yerli əhali, həm də potensial xarici turistlər üçün yeni imkanlar vəd edir.

Turizm eksperti Rəhman Quliyev bu barədə İTV-yə açıqlamasında bildirib ki, ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün zəngin təbii resurslar mövcuddur:

“Uzun illər əvvəl minlərlə insanın səfər etdiyi Kəlbəcər, Şuşa, Laçın, Zəngilan və Xankəndi kimi bölgələr bu gün yenidən sağlamlıq turizmi xəritəsinə daxil edilir. Təbii iqlim və müalicəvi sular bu sahənin bərpası və inkişafı üçün real zəmin yaradır”.

Kəlbəcər bölgəsi xüsusilə müalicəvi mineral suları və təmiz dağ havası ilə seçilir. İşğaldan əvvəl bu bölgə ildə təxminən 80 min turist qəbul edirdi. Ekspertlər hesab edirlər ki, həmin potensialı bərpa etmək və daha geniş miqyasda inkişaf etdirmək üçün bu ərazilərdə aşağı büdcəli, əlçatan və funksional sanatoriyaların inşası zəruridir.

Hazırda Dövlət Turizm Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən sağlamlıq turizminin inkişafına dair fəaliyyət planı hazırlanır. Bu plan müalicə məqsədilə ölkəmizə gələn turistlərin sayını artırmağı, eləcə də beynəlxalq tədbirlərdə Azərbaycanın bu sahədəki potensialını tanıtmağı nəzərdə tutur.

Dövlət Turizm Agentliyinin müdiri Elvin Cəfərov məsələ ilə bağlı hazırlanan fəaliyyət planına beynəlxalq sərgilərdə iştirak, yeni sanatoriyaların istifadəyə verilməsi və xüsusilə Türkiyədən gələn müalicəvi turistlərin sayının artırılması da daxildir deyə bildirib:

"Qarabağ və ətraf bölgələrdə sağlamlıq turizminin inkişafı təkcə turizm yox, həm də sosial rifah baxımından mühüm addımdır”.