SÜJET
Yay fəsli turizmin inkişafına ən çox dəstək olan dövrdür. Xüsusən də, son günlər ölkəmizdə çimərlik və gəzinti üçün uyğun fürsət hesab edilən günəşli günlər başlayıb. Bəs hazırda Azərbaycandan xarici ölkələrə və əksinə xaricdən ölkəmizə edilən turistik səfərlərdə vəziyyət necədir?
Turizm şirkətinin təsisçisi və ekspert Abbas Süleymanov Yurd.Media-ya bildirib ki, hazırda Azərbaycana daha çox Hindistan, Səudiyyə Ərəbistanı və Rusiyadan turist axını müşahidə olunur:
“Xüsusilə son iki həftədə turist sayında artım başlayıb. Bu proses payızadək daha da sürətlənəcək”.
Azərbaycandan xaricə səfər etmək istəyənlər üçün turların qiyməti ilə bağlı danışan A.Süleymanov qeyd edib ki, hər ailənin büdcəsinə uyğun turistik turlar mövcuddur:
“Xüsusən də, bu il tur paketlərinin əhatəsi ötən illərlə müqayisədə xeyli artıb. Qiymətlərə gəlincə, missal üçün, Antalyaya bir nəfər üçün turun qiyməti 699 manatdan, Misir turları isə 725 manatdan başlayır”.
Ekspert qeyd edib ki, ən gözəl fürsət bu il Monteneqroya səfərlərdir:
“Növbəti ildən vizasız Monteneqroya getmək fürsəti olmayacaq. Hazırda oraya səfər 916 manatdan başlayır. Qeyd edilən qiymətə ikitərəfli aviabilet, oteldə gecələmə və qidalanma daxildir”.
Onun sözlərinə görə, otellərdə, təyyarələrdə boş yerlər qaldıqda səfərlərə 3-4 gün qalmış xüsusi təkliflərlə tur paketlər də hazırlanır.