SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Aşpazlığa oğlanlar daha həvəslidir, dərzinin ailə ənənəsi - Peşə Təhsil Mərkəzindən REPORTAJ

Aşpazlığa oğlanlar daha həvəslidir, dərzinin ailə ənənəsi - Peşə Təhsil Mərkəzindən REPORTAJ

Peşə təhsili üzrə təhsil almaq istəyən gənclərin sayı ildən ilə artır. Bunun əsas səbəblərindən biri ixtisasların daha praktik formada tədris olunması və tələbələrin qısa müddətdə əmək bazarına uyğun bacarıqlar qazanaraq özlərini cəmiyyətdə daha rahat reallaşdıra bilmələridir.

Yurd.Media təhsil ocaqlarının təqdimatı ilə bağlı hazırladığı növbəti çəkilişi Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində reallaşdırıb. Çəkiliş zamanı mərkəzdə yaradılmış müasir şərait, praktik dərs mühiti və tələbələrin peşəyə marağı diqqət çəkib.

Praktik dərslər və real iş mühiti

Çəkilişə ilk olaraq mətbəx emalatxanasından başladıq. Müasir avadanlıqlarla təchiz olunmuş, gigiyenik qaydalara uyğun qurulmuş mətbəxdə tələbələrin praktiki məşğələləri izlədik. Müşahidələr göstərib ki, aşpazlıq ixtisasına əsasən oğlan tələbələr maraq göstərir və onlar bu peşəni böyük həvəslə öyrənirlər.

3-cü kurs tələbəsi Seymur Mirzəli bildirib ki, yemək bişirməyi çox sevir və evdə də ailəsi üçün tez-tez yemək hazırlayır. Digər tələbə Nicat Mirzəyev isə qeyd edib ki, aşpazlıq onun üçün yalnız peşə deyil, həm də sevdiyi məşğuliyyətdir və gələcəkdə də bu işi davam etdirmək niyyətindədir.

Müəllimlər tərəfindən tələbələrə yalnız yeməklərin hazırlanması deyil, eyni zamanda sanitar-gigiyena qaydaları, düzgün doğranma və bişirmə texnikaları da öyrədilir. Tədris prosesində istifadə olunan ərzaqlar dövlət tərəfindən təmin olunur və tələbələr həm milli, həm də dünya mətbəxi üzrə biliklər əldə edirlər.

Dərzilik və dizayn sahəsinə maraq

Reportaj çərçivəsində dərzi emalatxanasına da baş çəkdik. Dərzi ixtisası üzrə təhsil alan Təyyar Qəhrəmanov bildirib ki, ailəsində bir neçə nəsildir bu peşə ilə məşğul olurlar və o da ailə ənənəsini davam etdirmək istəyir. Hətta artıq özünə məxsus kiçik atelyesi olduğunu qeyd edib.

Eyni kursun tələbəsi Aydan Zeynallı da ailəsində dərzilərin olduğunu və bu səbəbdən uşaqlıqdan bu peşəyə maraq göstərdiyini bildirib.

Çəkiliş zamanı kompüter otaqlarının da müasir avadanlıqlarla təmin olunduğu müşahidə etdik. Tələbələr dizayn, rəqəmsal məzmun və digər ixtisaslar üzrə dərslərdə bu imkanlardan aktiv istifadə edirlər.

Peşə təhsilinə artan maraq

Son illərdə Azərbaycanda peşə təhsilinə maraq əhəmiyyətli dərəcədə artıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin PR sektorunun müdiri Aytən Səfərəliyeva bildirib ki, xüsusilə turizm və xidmət sahələri üzrə ixtisaslarda qəbul göstəricilərində dinamik yüksəliş müşahidə olunur.

Aytən Səfərəliyeva vurğulayıb ki, əmək bazarının tələblərinə uyğun praktik bacarıqlara əsaslanan kadr hazırlığının genişləndirilməsi peşə təhsilinə marağın artmasında əsas rol oynayır. Onun sözlərinə görə, Agentliyin strategiyasına uyğun olaraq peşə təhsili müəssisələrində kurikulumlar yenilənir, işəgötürənlərlə əməkdaşlıq genişləndirilir və tələbələrin istehsalat təcrübəsinə xüsusi önəm verilir.

Mərkəz haqqında

Mərkəz Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri əsasında peşə təhsili müəssisələrinin optimallaşdırılması çərçivəsində yaradılıb. Təhsil müəssisəsi Bakı şəhərində yerləşir və turizm, iaşə, xidmət, dizayn, informasiya texnologiyaları və digər istiqamətlər üzrə kadr hazırlığı aparır.

Mərkəzdə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə tədris həyata keçirilir. Müxtəlif müddətli proqramlar əsasında tələbələr nəzəri biliklərlə yanaşı, real iş mühitinə uyğun praktik bacarıqlar əldə edirlər.

Hazırda 22 ixtisas üzrə 1500-dən çox tələbə təhsil alır. Ən çox müraciət olunan istiqamətlər turizm, otelçilik və aşpazlıq sahələridir. Mərkəz eyni zamanda hotellər, restoranlar və xidmət sektorunda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edərək tələbələrin təcrübə və iş imkanlarını genişləndirir.

Gələcəyin real karyera yolu

Peşə təhsili artıq yalnız alternativ seçim deyil, perspektivli karyera istiqamətidir. Praktik bacarıqlara əsaslanan bu model gənclərin qısa müddətdə əmək bazarına inteqrasiya olunmasına imkan yaradır.

Bu gün gənclər anlayırlar ki, uğur yalnız nəzəri biliklə deyil, peşəkarlıq və real bacarıqlarla qazanılır. Düzgün istiqamət verilmiş peşə təhsili isə güclü iqtisadiyyatın və keyfiyyətli xidmət sektorunun formalaşmasında mühüm rol oynayır.

Statistik göstəricilər

Son qəbul məlumatlarına əsasən:

Peşə təhsili müəssisələrinə 27 021 nəfər qəbul olunub;

Qəbul olunanların 84%-i ödənişsiz (dövlət sifarişi), 16%-i ödənişli əsaslarla təhsil alır;

Tələbələrin orta yaşı 21-dir;

Ən aşağı yaş 13, ən yüksək yaş isə 78 təşkil edir.


Bu statistika peşə təhsilinə marağın ildən-ilə artdığını və müxtəlif yaş qruplarının bu sahəyə yönəldiyini göstərir.

FOTO: Sadıq Əliverdibəyli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları