Cari ildə peşə təhsili üzrə qəbul planına 5 yeni ixtisas – geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru və çörək ustası daxil edilib.
Yurd.Media xəbər verir ki, bunu 2026/2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı Bakıda media nümayəndələri üçün brifinqdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bildirib.
Onun sözlərinə görə, yeni ixtisasların əmək bazarında artan tələbat nəzərə alınmaqla müəyyənləşdirilib.
İ. Bayramov qeyd edib ki, həyata keçirilən tədbirlər peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, təhsil mühitinin müasirləşdirilməsinə və təlim prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
O qeyd edib ki, 2026/2027-ci tədris ili üzrə qəbul 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə 33 120 plan yerini əhatə edəcək.
Qəbul üçün müraciətlər 23 iyul–10 avqust tarixlərində portal.edu.az platforması üzərindən elektron qaydada aparılır. Elektron ərizələr yoxlanıldıqdan sonra iştirakçıların seçdikləri ixtisaslar sistem tərəfindən təsdiqlənir.
Peşə təhsili müəssisələrinə qəbul attestat əsasında həyata keçirilir və hər bir namizəd maksimum 5 ixtisas seçə bilir.
