Bu tədris ilində 78 peşə təhsili müəssisəsinə qəbul həyata keçiriləcək.
Yurd.Media xəbər verir ki, bunu 2026/2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı Bakıda media nümayəndələri üçün brifinqdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bildirib.
O qeyd edib ki, bu il qəbul 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə ümumilikdə 33 120 plan yeri əsasında aparılacaq.
Qeyd olunub ki, son illər peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən islahatlar nəticəsində təhsil proqramları əmək bazarının tələblərinə uyğunlaşdırılıb, tədris mühiti müasirləşdirilib və təlimin keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb.
Cari qəbul planına 5 yeni ixtisas – geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru və çörək ustası daxil edilib.
Peşə təhsili almaq istəyən şəxslər iyulun 23-dən avqustun 10-dək "portal.edu.az" platformasında qeydiyyatdan keçərək "Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu" xidməti vasitəsilə müraciət edə bilərlər.
Qəbul ümumi orta və ya tam orta təhsil haqqında attestat əsasında aparılır. Abituriyentlərə maksimum 5 ixtisas seçmək imkanı verilir.
