SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Məktəblərdə iki fərqli dərs rejiminin yaratdığı problemlər - ARAŞDIRMA

Məktəblərdə iki fərqli dərs rejiminin yaratdığı problemlər - ARAŞDIRMA

Bəzi ümumi təhsil məktəblərində ibtidai siniflər 5 günlük, yuxarı siniflər isə 6 günlük dərs rejimi ilə fəaliyyət göstərir. Bu uyğunsuzluq bəzi valideynlər arasında ciddi narazılıq yaradıb.

Yurd.Media xəbər verir ki, Bakı şəhəri Sabunçu rayonu 307 saylı tam orta məktəbdə 1–6-cı siniflər 5 günlük, 7–11-ci siniflər isə 6 günlük dərs rejimi ilə tədris olunur. Lakin məktəbdə bütün tətillər və bayram günləri 6 günlük sistem üzrə hesablanır. Bənzər vəziyyət təkcə bu məktəbdə deyil — ölkənin bir sıra məktəbində müxtəlif siniflər fərqli dərs rejimində oxuyur.

Valideynlər bildirirlər ki, bu qarışıqlıq ailədaxili planlaşdırmanı çətinləşdirir. Həftədə 5 gün oxuyan şagirdlər daha çox istirahət imkanı əldə etdiyi halda, 6 günlük rejimdə işləyən məktəbin 5 gün dərsə gedən şagirdləri əlavə yüklənmə ilə üzləşir. Eyni zamanda hazırlıq kurslarına gedən yuxarı sinif şagirdləri və abituriyentlər 6 günlük sistem səbəbindən kifayət qədər istirahət edə bilmədiklərini vurğulayırlar. Bu isə həm sosial, həm psixoloji yük yaradır.

Təhsil üzrə ekspert Cahid İmanov məsələni həm pedaqoji, həm idarəetmə baxımından problemli hesab edir:

“Bir məktəbdə həm 5 günlük, həm də 6 günlük sistemin tətbiqi ailələr üçün ciddi çətinlik yaradır. Əgər bir ailədə iki uşaq fərqli dərs rejimində oxuyursa, onların tətildən və istirahət günlərindən birgə istifadə etməsi mümkün olmur. Bu, şagirdlərin psixoloji durumuna və təhsil-tətil balansına mənfi təsir göstərir. Ümumiyyətlə, 6 günlük dərs rejimində şagird davamiyyəti çox aşağı olur, bəzən həmin gün məktəbə şagird belə gəlmir. Bu isə təhsildə bərabərlik prinsipinin pozulmasına, idarəetmədə və pedaqoji prosesdə qarışıqlığa səbəb olur”.

Təhsil üzrə ekspert Cahid İmanovTəhsil üzrə ekspert Cahid İmanov

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Yurd.Media-nın sorğusuna cavab olaraq bildiririb ki, Təhsil Nazirliyinin 19.11.2010-cu il tarixli müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrinin Pedaqoji Şurası haqqında Əsasnamə”sinə uyğun olaraq müəssisənin iş rejiminin müəyyənləşdirilməsi pedaqoji şuranın səlahiyyətləri daxilindədir. Bu səlahiyyətdən istifadə edərək hər bir ümumi təhsil müəssisəsi yerli şəraiti nəzərə alaraq iş rejimini müəyyənləşdirə bilər.

Bununla yanaşı qeyd edilib ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən bayram və iş günləri, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Qərarına əsasən isə təhsil müəssisələrində tətil günləri müəyyən edilir.

Ekspertlər hesab edir ki, dərs həftəsinin vahid şəkildə — ya tam 5 günlük, ya tam 6 günlük rejimlə — təşkili təhsil prosesinin dayanıqlılığı və bərabərliyi baxımından daha məqsədəuyğun olardı. Hazırda məsələ məktəblərin öz səlahiyyətində olduğundan, müxtəlif yanaşma və fərqli tədris rejimləri ölkə üzrə qeyri-bərabər vəziyyət formalaşdırır.

Prime Leasing
SPE Annual Caspian