Hər il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul və buraxılış imtahanları minlərlə abituriyent və tələbəni əhatə edir. Lakin imtahan prosesində iştirak edən bəzi şəxslər eyni problemlə üzləşdiklərini bildirirlər: imtahan məkanlarında şəxsi əşyaların saxlanılması üçün şəraitin olmaması.
Yurd.Media-ya danışan Xumar Əliyeva (ad və soyad şərtidir) qeyd edir ki, o, 2018-ci ildə keçirilən qəbul imtahanında, həmçinin 2026-cı ildə magistratura imtahanında iştirak edib və hər iki halda eyni çətinliklə qarşılaşıb. Onun sözlərinə görə, bir çox abituriyent və tələbə imtahana tək gəlir və gündəlik həyatda istifadə olunan telefon, bank kartları və digər şəxsi əşyaları özləri ilə gətirmək məcburiyyətində qalır:
“Həyatımızın ayrılmaz hissəsi olan telefon və müxtəlif kartları evdən çıxarkən götürmək məcburiyyətindəyik. Lakin imtahan keçirilən binada bu əşyaları qoymaq üçün xüsusi yer təşkil olunmur. Uşaqlar məcbur qalır ətrafdakı marketlərdə və ya tanımadıqları insanlarda şəxsi əşyalarını əmanət saxlasınlar. Bu isə təhlükəsizlik baxımından risklidir. Bəzən olur ki, əsasən oğlan abituriyent və tələbələr mobil telefonlarını həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşlarına verirlər. Lakin bu da müəyyən problemə səbəb olur. Çünki imtahana yüzlərlə şəxs gəlir. Telefonların qarışması və itməsi ehtimalı var”.
Xumar Əliyeva əlavə edir ki, digər imtahan modellərində daha praktik üsullardan istifadə olunur. Onun sözlərinə görə, müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirakçılara xüsusi bağlanan paketlər təqdim edilir və şəxsi əşyalar həmin paketlərdə saxlanılaraq imtahan zalına daxil olmağa icazə verilir. Paket yalnız açılma izləri qalacaq şəkildə bağlandığı üçün təhlükəsizlik təmin olunur.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən Yurd.Media-ya bildirilib ki, iştirakçılar imtahana yalnız şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə gəlməlidirlər:
“Mobil telefon, fleşkart, smart saat, çanta və digər köməkçi vasitələrin imtahana gətirilməsi qadağandır. Bu barədə iştirakçılara əvvəlcədən məlumat verilir və yaddaş kitabçasında, həmçinin buraxılış vərəqəsində müvafiq xəbərdarlıqlar qeyd olunur”.

Qurumdan bildirilib ki, magistratura və qəbul imtahanları kütləvi xarakter daşıyır və əsasən orta məktəblərdə təşkil olunur. Bu səbəbdən əlavə əşyaların saxlanılması üçün ayrıca yerlərin yaradılması texniki baxımdan çətinlik yaradır:
“Proses kütləvi olduğu üçün əlavə faktorlar imtahanın təşkili və idarə olunmasına mənfi təsir göstərə bilər. Beynəlxalq praktikada da kütləvi imtahanlarda əlavə əşyaların gətirilməsi qadağan edilir”.
Bununla belə, qurum rəsmisi elektron imtahanlar korpusunda təşkil olunan imtahanlarda qarderob və kiçik əşyaların saxlanılması üçün xüsusi şərait yaradıldığını da vurğulayıb.
Ekspertlər hesab edir ki, kütləvi imtahanların təhlükəsizlik qaydaları dəyişdirilmədən minimum texniki həllər – məsələn, nömrələnmiş paket sistemi və ya müvəqqəti saxlanc zonaları – tətbiq oluna bilər. Bu isə həm riskləri azalda, həm də iştirakçıların narahatlığını aradan qaldıra bilər.
Təhsil üzrə ekspert Elmin Nuri məsələ ilə bağlı bildirib ki, Dövlət İmtahan Mərkəzi bir neçə beynəlxalq sertifikata layiq görülmüş qurumdur və təhlükəsizlik məsələsində atılan addımlar əsasən düzgün istiqamətdədir:
“Əşyaların təhvil verilməsi və qorunması məsələsi təhlükəsizlik baxımından həssas mövzudur. Bu gün telefonsuz və kartsız həyat çətindir, lakin imtahanın nəticələrinin təhlükəsizliyini təmin etmək üçün müəyyən məhdudiyyətlər qaçılmazdır. Minlərlə abituriyentin eyni vaxtda bir binada imtahan verməsi əlavə təhlükəsizlik qutularının təşkili baxımından çətinlik yaradır. Üstəlik, təəssüf ki, imtahan prosesində qaydaları pozmağa çalışan hallar da mövcuddur və bunun qarşısını almaq üçün ciddi nəzarət mexanizmləri tətbiq olunmalıdır”.
Təhsil üzrə ekspert Elmin NuriEkspert əlavə edib ki, gələcəkdə texnoloji həll yolları – məsələn, nömrələnmiş xüsusi paketlər, QR-kodla bağlanan təhlükəsizlik qutuları və ya müvəqqəti saxlanc zonaları tətbiq oluna bilər. Onun sözlərinə görə, qəbul və magistratura imtahanları vətəndaşın həyatında cəmi bir və ya iki dəfə baş verir və iştirakçılar bu günlərə hazırlaşaraq minimal əşyalarla imtahana gələ bilərlər.
Müşahidələr göstərir ki, qaydalar əvvəlcədən elan edilsə də, real şəraitdə iştirakçıların gündəlik istifadə etdikləri əşyaların təhlükəsiz saxlanması məsələsi açıq qalır. İmtahanın şəffaflığı və təhlükəsizliyi əsas prioritet olsa da, imtahan qapısında yaranan “əmanət bazarı” sual doğurur: vətəndaş yad birinə etibar etməlidir, yoxsa sistem minimum texniki həll yolu tapmalıdır?