Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində, Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli konfransı - QUMUN 2026 öz işinə başlayıb.
Elm və Təhsil Nazirliyindən Yurd.Media-ya bildirilib ki, 1-ci Qarabağ Universiteti Beynəlxalq BMT Modeli Konfransı 25 maya qədər davam edəcək.
Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Gənclərin Beynəlxalq Dialoq Platforması” İB-nin təşkilatçılığı, Qarabağ Universitetinin ev sahibliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir.
Layihə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına töhfə vermək, tələbə və gənclərin bacarıqlarını inkişaf etdirmək, onların qlobal proseslərə inteqrasiyasını təmin etmək, eləcə də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin və Qarabağ Universitetinin beynəlxalq akademik dialoq, təhsil və diplomatiya mərkəzinə çevrilməsini təşviq etmək məqsədi daşıyır.
Konfransın açılış mərasimi Qarabağ Universitetində baş tutub. Açılış mərasiminə dövlət və ictimai qurumların nümayəndələri, akademik heyət, yerli və xarici iştirakçılar qatılıblar.
Konfransda 20-dən çox ölkədən 100-dən artıq nümayəndə iştirak edir. Gənclər üç gün ərzində beynəlxalq diplomatiya mühitində bir araya gələrək qlobal və regional məsələləri müzakirə edərək BMT-nin müxtəlif qurumlarının fəaliyyətini simulyasiya edəcəklər.
