Azərbaycanda 3 mindən çox şagirdin qatıldığı “Ən yaxşı təqdimat” müsabiqəsinin 33 nəfər qalibi müəyyənləşib.
Yurd.Media xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə təşkil edilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov tədbirdə çıxışında bildirib ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin 20 ildən artıqdır ki, Azərbaycanda Heydər Əliyev irsinin gənclərimiz arasında təbliğ edilməsində, öyrənilməsində xüsusi rol oynayır.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında “Ən yaxşı təqdimat" müsabiqəsinin Azərbaycanın köklü, ənənəvi təhsil müsabiqələrindən birinə çevrildiyini söyləyib. O bildirib ki, Ulu Öndərin irsinin öyrənilməsi, onun fikir və ideyalarının yeni nəsil gənclər arasında təbliği olduqca vacibdir.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov gənclərin yalnız rəqəmsal texnologiya istifadəçisi deyil, eyni zamanda, milli maraqları daim üstün tutan, yüksək mənəvi dəyərlərə malik, vətənpərvər şəxsiyyətlər kimi formalaşmalı olduqlarını vurğulayıb. Bildirib ki, ənənəvi xarakter almış ümumi təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi Heydər Əliyev irsinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi, milli dəyərlərimizə sadiq, vətənpərvər gəncliyin yetişməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, builki müsabiqədə ölkə üzrə 3181 şagird iştirak edib. Onların çıxışları müsabiqə komissiyası tərəfindən qiymətləndirilib. Hər bir rayon və şəhərdən müəyyən olunmuş kvotaya əsasən 87 şagird müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanıb. Ölkə mərhələsində şagirdlər verilmiş 5 mövzudan 1-i üzrə təqdimat ediblər. Ümumilikdə 33 nəfər müsabiqənin qalibi olub. Onlardan 6 nəfəri 1-ci, 11 nəfəri 2-ci, 16 nəfəri isə 3-cü yerə layiq görülüb.