Azərbaycanda təhsil müəssisələrinin internet şəbəkəsi ilə (rəqəmsal texnologiyalarla) təmin edilməsinə 1 milyon 790 min manat xərclənəcək.
Yurd.Media "Plat.az"a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi növbəti tender müsabiqəsinin qalibi də “Texno Lyuks M” MMC olub.
İdarə təhsil müəssisələrinin internet şəbəkəsi ilə (rəqəmsal texnologiyalarla) təmin edilməsi xidmətlərinin satın alınması üçün şirkətlə 1 milyon 790 min 255 manat 99 qəpik dəyərində müqavilə bağlayacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 50 manat olan “Texno Lyuks M” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 24, mənzil 12-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əliyev Emin Arif oğludur.
2018-ci ildən fəaliyyət göstərən “Texno Lyuks M” MMC 2024–2026-cı illər ərzində bu qurumun keçirdiyi 7 tender müsabiqəsinin, ümumilikdə isə 9 tenderin qalibi olub. Həmin tenderlərin ümumi məbləği son 3 ildə 27 milyon 589 min 848 manat 35 qəpik, ümumilikdə isə 44 milyon manatdan çox olub.
Bu dövrdə bağlanmış müqavilələr əsasən təhsil müəssisələrinin yüksəksürətli internet şəbəkəsinə qoşulması, daxili şəbəkə infrastrukturunun genişləndirilməsi, şəbəkənin dayanıqlığının artırılması, müxtəlif proqram təminatı və avadanlıqların satın alınması, eləcə də Qarabağ Universitetində əlavə infrastrukturun yaradılması və maddi-texniki bazanın gücləndirilməsi işlərini əhatə edib.
Şirkətin son üç ildə qazandığı tenderlər bunlardır:
2026-cı il
- Təhsil müəssisələrinin internet şəbəkəsi ilə (rəqəmsal texnologiyalarla) təmin edilməsi – 1 milyon 790 min 255 manat 99 qəpik;
- Qarabağ Universitetində əlavə infrastrukturun yaradılması və maddi-texniki bazanın gücləndirilməsi – 7 milyon 290 min 51 manat 68 qəpik.
2025-ci il
- Təhsil müəssisələrinin internet şəbəkəsi ilə təmin edilməsi xidmətləri – 2 milyon 894 min 491 manat 15 qəpik;
- Təhsil müəssisələrinin yüksəksürətli intranet şəbəkəsinə qoşulması və daxili şəbəkənin genişləndirilməsi – 4 milyon 271 min 495 manat 4 qəpik;
- Ümumtəhsil məktəblərinin fiber-optik kabellə internetə və daxili şəbəkəyə qoşulması – 2 milyon 498 min 534 manat 68 qəpik.
2024-cü il
- Müxtəlif proqram təminatlarının və avadanlıqların satın alınması – 4 milyon 857 min 121 manat 46 qəpik;
- Ümumtəhsil məktəblərinin fiber-optik kabellə internetə qoşulması – 3 milyon 987 min 898 manat 35 qəpik.