Daşkəsəndə məktəblilər mədənçilik sahəsində mövcud ixtisaslar, gələcək karyera imkanları və əmək bazarının tələbləri barədə məlumatlandırılıblar.
Yurd.Media-nın bölgə müxbiri xəbər verir ki, Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında məktəblilər üçün dağ-mədənçiliyi sahəsi üzrə peşə seçimi ilə bağlı məlumatlandırıcı seminar keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti, “Daşkəsən Dəmir Filiz” MMC, Daşkəsən rayonu üzrə Təhsil Sektoru və “Sonsuz Baxış” Gənclər Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə baş tutan seminarın məqsədi Daşkəsən rayonunun dağ-mədən sənayesi rayonu olması nəzərə alınmaqla, rayon məktəblilərinin mədənçilik sahəsində mövcud ixtisaslar, gələcək karyera imkanları və əmək bazarının tələbləri barədə məlumatlandırılması olub.
Seminarda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonda fəaliyyət göstərən dağ-mədən şirkət və müəssisələrinin nümayəndələri, təhsil müəssisələrinin təmsilçiləri, VII–X sinif şagirdləri və valideynlər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqi ilə çıxış edərək gənclərin düzgün peşə seçiminin gələcək həyat və karyera baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində mədənçilik və sənaye sahələri daim inkişaf etdirilir və bu sahələrdə ixtisaslı kadrların hazırlanmasına Daşkəsən rayonunda böyük ehtiyac var.
Daha sonra “Daşkəsən Dəmir Filiz” MMC-nin baş geoloqu Rasim Süleymanlı “Daşkəsən rayonunda mədən sənayesinin tarixi və inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Ardınca MMC-nin qurumlarla iş üzrə meneceri, dağ-mədən mühəndisi Natiq Həsənov müəssisənin fəaliyyəti və gələcək istehsalat prosesləri barədə təqdimatını diqqətə çatdırıb.
Seminarda həmçinin “AzerGold” QSC-nin İnsan Resurslarının İdarəolunması şöbəsinin aparıcı mütəxəssisi Elnur Cəfərli, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Daşkəsən rayon xidmət şöbəsinin müdiri Şəhriyar Kazımov, Daşkəsən Peşə Məktəbinin direktoru Zamiq Həsənov, “Star Mining” MMC-nin sahə meneceri Nicat Hacızadə, “Mehman” firmasının direktoru Mehman Abdullayev və Daşkəsən Əhəng mədəni sahəsinin sahə rəisi Niyaməddin Dadaşov çıxış edərək gənclərə peşə istiqamətləri, iş imkanları və sənaye sahəsində karyera perspektivləri barədə ətraflı məlumat veriblər.
Sonra sual-cavab sessiyası keçirilib, şagird və valideynləri maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov seminara yekun vuraraq iştirakçılara təşəkkür edib və gənclərə uğurlar arzulayıb.
Sonda xatirə fotosu çəkdirilib.