Son dövrlər uşaq və yeniyetmələr arasında aqressiv davranışların, zorakılıq halları və şiddət meyillərinin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Məktəblərdə, ictimai yerlərdə, hətta ailə mühitində müşahidə olunan bu cür hallar təkcə psixoloji problem olmaqla kifayətlənmir, bəzən fiziki xəsarətlərə, ağır insidentlərə və hətta faciəvi nəticələrə yol açır. Xüsusilə yeniyetmələrin emosiyalarını idarə etməkdə çətinlik çəkməsi, münaqişələri zorakılıq yolu ilə həll etməyə meyilli olmaları təhlükəli tendensiya kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Yurd.Media-ya danışan psixoloq Aytən Ələkbərova bildirib ki, 2000-ci ildən sonra doğulan uşaqlarda enerji səviyyəsi yüksəkdir və bu enerji düzgün istiqamətləndirilmədikdə ciddi davranış pozuntularına səbəb ola bilər. Onun sözlərinə görə, enerjinin sağlam şəkildə bölüşdürülməməsi aqressiv davranışlara, cinayət hallarına, bəzi hallarda isə ağır faciələrə qədər gedib çıxır.
Psixoloq qeyd edib ki, etnopsixoloji baxımdan bəzi uşaqlar və yeniyetmələr siqaret çəkməklə, bəziləri isə üzərində soyuq silah gəzdirməklə özlərini “təhlükəli” və ya davranışlarına təsir edən şəxs kimi təqdim etməyə çalışırlar. Bu isə əslində yanlış istiqamətlənmiş özünüifadə formasıdır. A.Ələkbərovanın sözlərinə görə, bu cür halların qarşısını almaq üçün uşağın şəxsiyyətinin formalaşma mərhələlərinə xüsusi diqqət yetirilməlidir. Valideynlər övladlarının birinci və ikinci şəxsiyyət dövrlərində oynadıqları rollu oyunlara və həmin oyunların uşağın beynində hansı davranış modellərini formalaşdırdığına diqqət etməlidirlər.
psixoloq Aytən ƏləkbərovaPsixoloq əlavə edib ki, gündəlik məişət vəziyyətləri də aqressiyanın yaranmasına zəmin yarada bilər:
“Uşaq valideynlə marketə gedəndə nəyisə istəyir və həmin istək yerinə yetirilmədikdə daxilində aqressiya formalaşır. Digər tərəfdən, valideynlərin uşağı bütün fənlər üzrə hazırlıqlara aparması, onu oyunlardan, sərbəst düşüncədən və uşaq həyatından məhrum etməsi də ciddi problemdir. Bu məhdudiyyətlər zamanla yığılır və yeniyetməlik dövründə aqressiya daha açıq şəkildə üzə çıxır”, – deyə A.Ələkbərova vurğulayıb.
Onun sözlərinə görə, emosiyalarını idarə edə bilməyən yeniyetmənin davranışları nəzarətsiz və xaotik xarakter alır. Məhz bu nəzarətsiz və plansız hərəkətlər isə bəzən geri dönüşü olmayan faciəvi nəticələrə səbəb olur.
Bəs aqressiv davranışlara yol verən uşaqları və yeniyetmələri qanunvericilik baxımından nə gözləyir?
Məsələ ilə bağlı Yurd.Media-ya danışan hüquqşünas Cavanşir Qasımzadə bildirib ki, bu cür hallar məhkəmə təcrübəsində araşdırılarkən yalnız hadisənin özü deyil, uşağın böyüdüyü mühit, ailə vəziyyəti və psixoloji durumu da geniş şəkildə təhlil olunur.
Onun sözlərinə görə, uşaq və yeniyetmələrin törətdiyi hüquqpozmalarda əsas meyar yaş faktoru hesab edilir. Azərbaycanda ümumi cinayət məsuliyyəti 16 yaşdan başlasa da, xuliqanlıq, sağlamlığa xəsarət yetirmə kimi ağır hallarda cinayət məsuliyyəti 14 yaşdan tətbiq olunur.
hüquqşünas Cavanşir QasımzadəHüquqşünas qeyd edib ki, əgər hüquqpozma törədən uşağın 14 yaşı tamam olmayıbsa, bu halda əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlər inzibati qaydada cərimələnir, eyni zamanda dəymiş maddi və mənəvi ziyanın ödənilməsi də onların öhdəliyinə verilir.
C.Qasımzadə vurğulayıb ki, dövlət belə hallarda yeniyetməni cəzalandırmaqdan daha çox, onun davranışını düzəltməyə üstünlük verir:
“Yeniyetmələrin həbs olunması son variant kimi nəzərdən keçirilir. Əsas məqsəd onları nəzarətə götürmək, tərbiyəvi və sosial tədbirlər vasitəsilə düzgün istiqamətə yönəltməkdir”.