Azərbaycanda 12 mina qurbanına lazımi mal, material və avadanlıq yerli bazarlardan alınaraq təhvil verilib.
Yurd.Media xəbər verir ki, bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov "Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3" layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında yaşayan 52 mina qurbanı ilə görüş keçirilib, onların həyat şəraiti və layihədə nəzərdə tutulan tələblərə uyğunluğu müəyyənləşdirilib:
"Layihə benefisiarı olaraq 1 qadın və 11 kişi lazımi avadanlıqlarla təmin olunub. Layihədən faydalanan mina qurbanlarının 56 nəfər ailə üzvü də bu layihənin birbaşa benefisiarları hesab olunur".
H.Səfixanov qeyd edib ki, monitorinq nəticəsində məlum olub ki, benefisiarlar öz bizneslərinə bağlıdırlar, müqavilə öhdəliklərinə əməl edirlər və belə davam edərsə, gələcəkdə böyük nəticələr əldə edə bilərlər:
"Artıq bəzi benefisiarlar istehsal etdikləri məhsulları sataraq maliyyə gəlirləri də əldə edirlər. Layihə çərçivəsində keçirilmiş görüşlərdə digər mina qurbanları və onların ailə üzvləri də kənd təsərrüfatının müxtəlif sahələri üzrə, o cümlədən də maldarlıq, qoyunçuluq, arıçılıq, quşçuluq yeminin istehsalı və satışı ilə məşğul ola biləcəklərini, bunun üçün ilkin maliyyə vəsaitinə ehtiyac olduğunu bildiriblər".